Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə zəng edib.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, o, Rusiya prezidentini doğum günü (1952-ci il oktyabrın 7-i) münasibətilə təbrik edib.
"Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb", - məlumatın sonunda əlavə edilir.
Kremlin sözçüsü Dmitri Peskov bu telefon söhbətini "vacib" adlandırıb.
Son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik hökm sürüb. Bu ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb. Təyyarə Rusiya ərazisində vurulub və 30-dan çox insan həlak olub. Rəsmi Bakının mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib.
Bu il iyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah edib. Amma sonradan da Azərbaycan diasporunun bir çox təmsilçiləri müxtəlif ittihamlarla həbs ediliblər. Başqa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər. Amma son aylar iki ölkə arasında münasibətlərin nisbətən normallaşdığı bildirilir. Bir çox təhlilçilər də hesab edir ki, Azərbaycan və Rusiya arasında gərginlik heç də təqdim olunduğu qədər dərin deyil. Onların sözlərinə görə, əksinə, Azərbaycan hakimiyyətində də gerçəkdə Qərb dəyərlərinə məsafəli yanaşma var.