AXCP sədri: 'Baş Prokurorluq müraciətimə cavab vermir'

Əli Kərimli

Varşava Təhlükəsizlik Forumunda (sentyabrın 28-29-da keçirilib) iştirak məqsədi ilə xarici pasport almaq üçün Baş Prokurorluğa müraciət etmiş müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli bildirir ki, ona heç bir cavab verilməyib.

Başqa beynəlxalq tədbirlərə də dəvət alındığını, amma xarici pasport almasına imkan verilmədiyindən həmin tədbirlərə də gedə bilmədiyini vurğulayan AXCP sədri baş verənlərə görə prezidenti məsul sayır: "İlham Əliyev Afina Demokratiya Forumunda (sentyabrın 30-dan oktyabrın 3-dək keçirilir) iştirakıma da imkan vermədi. Daha öncə Varşava Təhlükəsizlik Konfransında iştirakıma da imkan verməmişdi. Özü gedib Danimarkada Avropa Siyasi Birliyinin toplantısında (2 oktyabr) iştirak edir, dövlətin zor aparatının əli ilə də mənim xarici səfərlərimin qarşısını alır. Baş Prokurorluq müraciətimə cavab vermir. Mənə pasport verilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı yerinə yetirilmir".

Ə.Kərimli hesab edir ki, ölkədə hüquq, Konstitusiya işləmir.

Bu açıqlamaya Baş Prokurorluq və Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, Azərbaycanda partiyalarla dialoq mühiti hökm sürür, siyasi fəaliyyətə bütün lazımı imkanlar yaradılır və hər hansı müxalif şəxs tənqidi mövqeyinə görə təzyiqlərə məruz qalmır.

Xatırlatma

AXCP sədri Ə.Kərimli xarici pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə yenidən sənəd almaq üçün müraciət etsə də, ona həmin sənəd verilməyib. Onun sözlərinə görə, 1994-cü ildə başlanmış cinayət işinin hələ də açıq olması buna əsas göstərilib. Ə.Kərimli barəsində 1994-cü ilin sentyabrında cinayət işi başlanmışdı. O zaman hüquq-mühafizə qurumları Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirmişdi. O, isə bunu yalanlayırdı.

Avropa İnsan Haqları Məhkəməsi 2015-ci ilin iyulunda Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun hərəkət etmək azadlığının pozulması kimi qiymətləndirib. Dövlətin üzərinə Kərimliyə 8 min 600 avro kompensasiya ödəmək öhdəliyi qoyulub. Amma AXCP sədrinə hələ də pasport verilməyib və o, 2006-cı ildən bəri ölkədən çıxa bilmir.