Komitə həbsdə olan Əhməd Məmmədlinin səhhətindən narahatdır

Əhməd Məmmədli

Həbsdə olan ictimai fəal Əhməd Məmmədlinin bir gözündə problem yarandığı bildirilir.

Bu barədə Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.

Açıqlamaya görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi fəalın vəkili Elçin Sadıqovun tibbi təminatla bağlı müraciətinə cavab verib. Orada vurğulanır ki, mayın 29-da Məmmədlinin saxlandığı təcridxanaya dəvət edilmiş oftalmoloq fəala "xorioretinal distrofiya" (görmənin əhəmiyyətli dərəcədə itirilməsi) diaqnozu qoyaraq ambulator təyinat verib.

Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi əlavə edir ki, fəal genetik astma xəstəsidir və saxlanan zaman işgəncə nəticəsində əvvəllər əməliyyat edilmiş gözlərindən zərbələr alıb.

"İşgəncədən sonra onun bir gözü tamamilə bulanıq görür. Həmçinin, 3 sentyabr 2025-ci ildə Əhməd Məmmədli barəsində qondarma cinayət işi üzrə məhkəmə iclası təxirə salındı. Bununla da, Əhmədin həbsdə qalmaq müddəti daha da uzanır, bu vəziyyət isə Əhmədin sağlamlığı üçün təhlükəlidir. Həbsxana şəraiti Əhməd Məmmədlinin sağlamlıq vəziyyəti üçün uyğun deyil. Əhmədin ev dustaqlığına buraxılmasını tələb edirik", - komitənin müraciətində deyilir.

Bu müraciətə uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Məmmədli mayın 6-da saxlanılıb və sonra barəsində həbs-qətimkan tədbiri seçilib. Amma onun saxlanan zaman işgəncəyə məruz qalması ilə bağlı iddiaları rəsmi qurumlar təsdiqləməyiblər.

O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.

Özü ittihamı rədd edir, keçmiş siyasi-ictimai və sonra jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Bu, həbsi üçün son damla oldu' - Ailəsi Əhməd Məmmədlinin səhhətinin pisləşdiyini deyir

Xatırlatma

Ə.Məmmədli 2022-ci ildə D-18 Hərəkatının (hərəkat 2023-cü ildə buraxılıb) sədri ikən polisin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə 30 sutka inzibati həbs edilmişdi. Ancaq o, həbsini sülhdən danışması, prezident İlham Əliyevi tənqid etməsi ilə izah etmişdi.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycanda 375 siyasi məhbus var. Hökumət nümayəndələri isə bu tip hesabatları rədd edir və həbs olunanların konkret əməllərə görə məsuliyyətə cəlb olunduqlarını bildirirlər.