Şərti adı Məryəm olan əfqan qadın ailəsini tərcüməçiliklə dolandırır. Axı, "Taliban" qadınlara işləməyi qadağan edib. Amma indi onun işinə yenidən təhlükə yaranıb – "Taliban" ölkənin yarısında, o cümlədən böyük şəhərlərdə fiber-optik interneti kəsir.
Bu qərar WiFi çıxışı olmayan hökumət idarələri, evlər, özəl bizneslərə ciddi çətinliklər yaradıb.
"İnternetin kəsilməsi bir çox problemlərə səbəb olub. Ailəmin çörəyini mən qazanıram", –Məzari-Şərifdə yaşayan, təqibdən qorxduğu üçün əsl adını deməyən Məryəm AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə söyləyib.
"Taliban" bu addımını "əxlaqsızlığı önləmək"lə izah edir. Ekstremist qruplaşma özəlliklə pornoqrafiya və qadınlarla kişilərin onlayn yaxınlığından narahatlığını dilə gətirib.
Tənqidçilər isə bu addımı fərdi azadlıqlara, məlumat axınına irimiqyaslı təzyiqlərin tərkib hissəsi sayırlar. 2021-ci ildən hakimiyyəti ələ keçirən "Taliban" qadınların hüquqlarını ciddi məhdudlaşdırıb, müxalif fikirlərə qarşı zorakılıq edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Stikni bu qadağaların sadə əfqanların həyatına və ölkə iqtisadiyyatına mənfi təsir edəcəyini deyib.
Bu arada "Taliban" 2024-cü ilin oktyabrından qüvvədə olan qadağanın tətbiqinə də nəzarət edir. Telefon və kompüterlərdə canlıların – insan və heyvanların foto və videolarını hazırlamaq və izləmək qadağandır.
Kabildə, hələlik, internetə məhdudiyyət tətbiq olunmayıb. Mobil internet hələ də bir çox ərazidə işləyir, lakin baha və qeyri-sabitdir. Bu addımların "Taliban" dövründə təcrid olunmuş Əfqanıstanı dünyadan daha da uzaqlaşdıracağı sarıdan narahatlıq var.
"Taliban" yaraqlıları
Qadınlar üçün xilas yolu
İnternet Əfqanıstan qadınları üçün həyati əhəmiyyət daşıyır. Onların çoxu 2022-ci ildə "Taliban"ın qadağasından işləmək və təhsil almaq hüquqlarını itiriblər.
Soraya Kabildən xarici bir təşkilat üçün məsafədən işləyib.
"Radio Azadi"yə danışan Soraya əfqan qadın üçün yasamın xeyli çətinləşdiyini deyir: "Bu şəraitdə gəlir əldə edib özümüzü və ailəmizi dolandırmağın yeganə yolu onlayn işdir. İnternetin kəsilməsi həyatımızı daha da çətinləşdirib, bu son ümidi və işimi itirəcəyimdən qorxuram".
Digər yandan, əfqan qadınlar, yeniyetmələr "Taliban"ın təhsil qadağası altında onlayn təhsilə üz tutublar. Elektrikin daimi olmaması, internet kəsintiləri onlayn məktəb və universitetlərin fəaliyyətini zəiflədib. İndi isə internetə çıxışın kəsilməsi bəzi insanlar üçün təhsilin sonu deməkdir.
Nəzifə 9-cu sinifdə oxuyanda təhsil almağa qadağa qoyulub. Deyir, WiFi interneti ona özünü yenidən tapmağa kömək edib: "WiFi kəsildikdə bütün ümidi itirdim. İmtahanlardan keçmişdim, çox çalışmışdım".
Dini əsası yoxdur
"Taliban" ekstremist siyasətini İslam şəriət qanunu ilə əsaslandırmağa çalışır. Amma dinşünaslar interneti kəsməyin dini əsası olmadığını deyirlər.
Qətərdə yerləşən Beynəlxalq Müsəlman Alimləri İttifaqının üzvü Fəzl əl-Hadi Vazin qeyd edir ki, Taliban pornoqrafik və zorakı məzmunlu saytlara girişi məhdudlaşdıra bilər, amma interneti tamamilə kəsmək çıxış yolu deyil.
"İnternetin kəsilməsinin, qadağan olunmasının heç bir dini əsası yoxdur. Bir şeydən sui-istifadə ehtimalı varsa, bu onun yasaqlanması anlamına gəlmir", – əfqan alim "Radio Azadi"yə danışıb.
Sürətli internetin kəsilməsi Əfqanıstanda yoxsulluq, aclıq, işsizlik kimi iqtisadi problemləri daha da ağırlaşdıracaq.
Qəndəhar sakini Məhəmməd özəl şirkət sahibidir. İnternetin kəsilməsindən sonra müştərilərlə və təchizatçılarla əlaqə saxlaya bilmir.
"İşimiz tamamilə dayanıb. 21-ci əsrdə dünya internetlə bağlıdır, internetin olmaması iqtisadi problemlərimizi artırır", – o vurğulayır.
Media qurumları isə internet qadağasını məlumatın azad axınını dayandırmaq cəhdi kimi pisləyib.
"Genişzolaqlı internetin yasaqlanması senzuranın misli görünməmiş artımıdır. Bu, jurnalistlərin işinə, ictimaiyyətin məlumat alma hüququna zərbə vuracaq", – Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Asiya proqram koordinatoru Beh Lih Yi bildirib.