Rusiyada tanınmış filosof Aleksandr Duqin deyir ki, miqranlar Rusiyada qalmaq üçün xristianlığı qəbul edərək rus olmalıdırlar. O, müsəlman qadınlara Rusiya ilə həmrəylik işarəsi olaraq hicablarına Z simvolu taxmağı təklif edib. Z və V hərfləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin simvolları sayılır.
"İslamı saxlamaq istəyirsiz? Yaxşı, bu da işə yarayar. Qəhrəman "Axmat"la birlikdə savaşın və rus islamı olacaqsız. Bizim ənənələrə hörmət edin, biz də sizə", – Kremlin əsas ideoloqlarından olan filosof deyib.
"İstənilən miqrant üçün, daha toksik saydığımız azərbaycanlılar, taciklər, özbəklər üçün çıxış yolu var – assimilyasiya. Rusiya uğrunda savaşan pravoslav tacik, azərbaycanlı özbək daha miqrant deyil, rusdur. Özü da xalisindən. Savaşmayan isə rədd olsun", – o, Telegram kanalında yazıb.
A.Duqin daha öncə yazırdı ki, miqrantlar rus xalqının demoqrafik problemini həll edə bilməzlər. Onun fikrincə, əməkçi miqrantlarla manipulyasiya, hətta ən dost sayılanlarla belə, durumu daha da gərginləşdirəcək, qeyri-sabitliyi artıracaq. O, əmək miqrasiyasını sıfıra salmağı, əmək resurslarını robototexnikanın inkişafı ilə doldurmağı təklif edib.
Duqin Rusiyanı Avropa və Asiya arasında xüsusi sivilizasiya, ABŞ və NATO-nu isə bu ölkənin əsas düşmənləri sayır.
Rusiyada ötən ilin martında "Krokus Siti" konsert məkanına silahlı hücumdan, 145 nəfərin ölümündən sonra miqrantlara qarşı qaydalar sərtləşdirilib, onların çalışdığı müxtəlif obyektlərdə reydlər aparılıb, alçaldıcı rəftara məruz qalıblar.
İyunun sonunda Yekaterinburqda etnik azərbaycanlılara qarşı zorakı reyd isə iki nəfərin ölümü ilə nəticələnib. Bundan sonra Bakı ilə Moskvanın münasibətləri pisləşib.