Sentyabrın 24-də ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda transatlantik şam yeməyi təşkil edib. Aİ və NATO üzvü olan ölkələrin xarici işlər nazirləri, həmçinin İsveçrə, Ukrayna, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tədbirə dəvət olunublar. AzadlıqRadiosunun gürcü xidməti Gürcüstan təmsilçilərinin yeməyə dəvət olunmadığını yazır.
ABŞ Dövlət Departamentinin rəsmi bəyanatında deyilir ki, M.Rubio şam yeməyində transatlantik tərəfdaşlığın sülh və rifahın təmin olunmasında rolunu vurğulayıb. O, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik əlaqələrin, Çinin zərərli təsirinə qarşı mübarizənin, Yaxın Şərqdə sabitliyin təmin olunması üçün əməkdaşlığın vacibliyindən danışıb. Dövlət katibi İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməyin əhəmiyyətini qeyd edib. O, ABŞ prezidentinin Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhə nail olunması yönündəki uğurlarını da vurğulayıb.
Gürcüstan prezidenti Mixeil Kavelaşvili, xarici işlər naziri Maka Boçorişvili və digər rəsmilər də BMT Baş Assambleyasında iştirak edirlər. Onları Gürcüstan müxalifəti və ictimaiyyətinin bir hissəsi legitim saymır.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin bu haqda sualına cavabında deyib ki, "prezident ABŞ-yə şam yeməyinə yox, işə görə gedib".
"ABŞ prezident tərəfindən idarə olunan dövlətdir. Gürcüstan prezidenti ABŞ prezidentinin verdiyi qəbulda iştirak edib, onunla ünsiyyət qurmaq imkanı olub. Bu, bizim üçün önəmlidir", – o əlavə edib.
M.Kavelaşvili bir sıra həmkarları ilə qısa söhbətlər apardığını bildirib. O, Azərbaycan, İsveçrə və Polşa liderləri ilə söhbət edib, Slovakiya və Serbiya prezidentləri ilə də görüşüb.