QHT sədrləri saxta orden və medallar hazırlamaqda günahlandırılırlar

Saxta order və medallar

Daxili İşlər Nazirliyi (DİN) bir sıra QHT rəhbərini saxta orden və medallar, müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satmaqda günahlandırır.

Nazirliyin məlumata görə, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və "Sabitlik və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

DİN bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün, əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər, habelə digər saxta predmetlərin maddi sübut kimi götürüldüyünü vurğulayır.

Açıqlamaya görə, Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, onların hər üçü istintaqa cəlb olunublar.

Adları çəkilən şəxslərin və ya onların vəkillərinin ittihamlara münasibəti bəlli deyil.

Ölkənin bir sıra media qurumları 2022-ci ildə "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri E.İsmayılovun Türkmənistanın ozamankı prezidenti Qurbanqulu Berdiməhəmmədovu da təltif etməsinə aid olduğunu açıqladıqları görüntülər yayıblar.