ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi xarici tələbələrin ölkədə qalmasına icazə verilən müddətin məhdudlaşdırılması ilə bağlı təklif olunan layihəni açıqlayacaq.
1978-ci ildən bəri xarici tələbələr, yəni "F" vizası sahibləri, ABŞ-də "statuslarının qüvvədə olduğu müddət" ərzində qala bilirdilər, yəni tələbə kimi təhsil aldıqları müddətcə. Bu gün açıqlanması planlaşdırılan layihəyə görə isə xarici tələbələr, mübadilə proqramı iştirakçıları yalnız qatıldıqları proqramın müddəti boyu qala biləcəklər, lakin bu müddət 4 ili keçməməlidir.
Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) rəsmiləri bildiriblər ki, yeni qayda xarici tələbələrin ABŞ-nin "səxavətindən sui-istifadə edərək" "əbədi tələbələrə" çevrildiyi sistemi düzəltməyi hədəfləyir.
"Çox uzun müddətdir ki, əvvəlki administrasiyalar xarici tələbələrin və digər viza sahiblərinin ABŞ-də demək olar ki, qeyri-müəyyən müddətə qalmasına imkan verib, bu isə təhlükəsizlik riskləri yaradıb, saysız-hesabsız amerikalı vergi ödəyicisinin pullarına başa gəlib və ABŞ vətəndaşlarını əlverişsiz vəziyyətə salıb", - deyə DHS sözçüsü açıqlamasında bildirib.
"Yeni təklif olunan qaydalar isə müəyyən viza sahiblərinin ABŞ-də qalma müddətini məhdudlaşdırmaqla bu sui-istifadəyə birdəfəlik son qoyacaq və federal hökumətin xarici tələbələri və onların fəaliyyətlərini düzgün nəzarətdə saxlaması yükünü yüngülləşdirəcək".
Təklif olunan qaydalar təsdiqlənərsə, xarici tələbələrin ABŞ-də daha uzun müddət qala bilməsi üçün DHS tərəfindən mütəmadi qiymətləndirmədən keçməsi tələb olunacaq.
Xarici tələbələri təmsil edən hüquq müdafiəçiləri isə bildirir ki, bu qaydalar tələbələrə qeyri-müəyyənliklər yaradacaq və onlar əlavə bürokratik maneələrlə üzləşəcəklər.
Logistik çətinliklər, məsələn, viza müsahibələrindəki fasilələr, artıq beynəlxalq tələbə qəbuluna mənfi təsir göstərib. Bu payız üçün universitetlərin 35 faizində müraciətlərin sayı azalıb. Bunu ABŞ Təhsil İnstitutu yüzlərlə ali təhsil müəssisəsindən toplanan rəylərə əsaslanan hesabatında qeyd edib. Halbuki əvvəlki tədris ilində bu azalma yalnız 17 faiz olmuşdu.
Əgər xarici tələbələrin sayı azalarsa, universitetlər üçün ciddi maliyyə nəticələri ola bilər. Çünki adətən onlar daha yüksək təhsil haqqı ödəyirlər və daha az təqaüd dəstəyi alırlar.
Tələbələrlə yanaşı, təklif olunan qaydaya əsasən xarici jurnalistlər üçün ilkin qəbul müddəti ən çoxu 240 gün olacaq. Onlar müddətin daha 240 günə qədər uzadılması üçün müraciət edə bilərlər, lakin bu müddət onların ezamiyyətinin (iş tapşırığının) davametmə müddətindən artıq ola bilməz.