Putinin xəyalındakı kəməri Çinlə birgə gerçəkləşdirəcəyi çətin görünür

Rusiya prezidenti Vladimir Putin Pekinin Tyananmen meydanında hərbi paraddan əvvəl Çin lideri Si Cinpinlə danışır. 3 sentyabr 2025

Ötən həftə Pekin və Moskva Çində çoxdan gözlənən "Sibirin gücü-2" qaz kəməri üzrə razılaşma əldə ediblər. Sentyabrın 2-də "Qazprom" rəhbəri Aleksey Miller bu hüquqi öhdəliklər qoyan memorandum haqda açıqlama verib.

Ancaq AzadlıqRadiosuna danışan enerji təhlilçiləri meqalayihənin gələcəyinə şübhəylə yanaşırlar, çünki qazın qiyməti, həcmi, tikintini kimin maliyyələşdirəcəyi barədə detallar hələ qərarlaşmayıb.

Kolumbiya Universitetində Qlobal Enerji Siyasəti Mərkəzində aparıcı tədqiqatçı alim Erika Dauns deyir ki, hüquqi memorandum təchizat kontraktı deyil, layihəyə yaşıl işıq yandırmır: "Proqres illüziyası yaradır, amma iş hələ bitməyib".

AzadlıqRadiosunun jurnalist Reyd Stendiş yazır ki, Pekində əldə olunan razılaşma Rusiyanın Yamal yarımadasından qazı şərqi Monqolustandan keçməklə Çinin şimalına aparacaq kəmər üzrə davam edən danışıqların bir hissəsidir.

Moskva Ukraynanı işğal etməyə başlayandan əsas enerji bazarı olan Avropanı itirib və Pekinin ona təsiri artıb. Çin də daha çox vaxt qazanmaqla Kremldən daha çox güzəştə nail olmaq, həm də bu layihənin Birləşmiş Ştatlarla rəqabətinə necə təsir edəcəyini görmək istəyir.

"Çin məsələni sadəcə ertələməklə kifayətləndi ki, birdən bu boru xəttinə gələcəkdə ehtiyac duyarlar. Pekin aşağı qiymətə, həcmlə bağlı çevikliyə nail olarsa, onda bir sığorta kimi cəlbedici görünür. Əks halda, onlar başqa variantlara əl ata bilərlər", – Dauns söyləyir.

"Sibirin gücü-2" Çinə lazımdırmı?

R.Stendiş yazır ki, Moskvanın 2 min 600 km-lik kəmərə ehtiyacı ortadadır: "Sibirin gücü-2" azından Avropa İttifaqı bazarında itirilmiş hissəni kompensasiya edə bilər.

Pekin isə qaz idxalını diversifikasiya etməyə, bir təchizatçıdan asılı olmamağa çalışır.

2019-cu ildə işə salınmış, 30 illik, 400 milyard dollarlıq saziş çərçivəsində Rusiya Çinə "Sibirin gücü-1" kəməri ilə qaz verir, ən böyük təchizatçısıdır. "Sibirin gücü-2" kəmərinin ildə 50 milyard kubmetr qaz daşıyacağı proqnozlaşdırılır.

Pekin isə son illər daxili neft-qaz istehsalını da artırıb. Üstəlik, ölkə bərpaolunan enerjiyə sürətlə keçir. Nəticədə idxal olunan qaza tələbat azalır, gələn onillikdə daha da azalacağı gözlənilir.

"Hətta tikilsə belə, ən nikbin proqnozla 2030-dək işə salınacaq. Yəni, bərpaolunan enerji və batareyalar üzrə texnoloji irəliləyişlər üçün hələ beş il də var, bu da kəmərə ehtiyacı azaltmağa davam edəcək", – Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin aparıcı əməkdaşı Cozef Vebster söyləyib.

Borunun çəkilməsi üçün nə lazımdır?

Pensilvaniya Universitetinin aparıcı tədqiqatçısı Bencamin Şmitt AzadlıqRadiosuna deyir ki, yeni boru xəttinin kommersiya baxımından əsasları zəifdir, Millerin son açıqlamaları daha çox görüntü məqsədlidir, yəni, Kreml iki ölkə arasında "dəyirmi, möhkəm əməkdaşlıq təəssüratı yaratmağa çalışır".

"Pekinə bu boru xətti lazım deyil. Amma onlar boru xətti barədə mənfi danışmağa da ehtiyac görmürlər", – Şmit bildirib.

Us Xatın kəndi yaxınlığında "Sibirin gücü" magistral qaz kəmərinin birinci hissəsinin birləşdirilməsi mərasimi. 2014

Amma iki məsələ bu proqnozu dəyişə bilər: Rusiyanın qiymət və həcmlərlə bağlı böyük güzəştlərə getməsi və Çin üçün geosiyasi şəraitin dəyişməsi.

Miller qazın qiyməti ilə bağlı bildirib ki, bu, "Qazprom"un Avropa alıcılarına tətbiq etdiyi qiymətdən aşağı olacaq, Çin istiqamətindəki boru xəttinin mümkün marşrutu və məsafələr nəzərə alınacaq. Amma o, konkret rəqəmlər söyləməyib.

Çinin Rusiyanın daxili qiymətlərinə yaxın qiymət ödəmək istədiyi söylənir. Bu qiymətlər isə böyük subsidiyalarla dəstəklənir. Pekin həmçinin kəmərin illik planlaşdırılan 50 milyard kubmetrlik tutumunun kiçik bir hissəsini almaq istəyir. Rusiyadan bəzi enerji mütəxəssislərinin fikrincə, Çin kəmərin ümumi tutumunun yalnız 50 faizini almaq istəyir, halbuki adətən bu rəqəm 80 faiz olur.

Digər yandan, İran və İsrail arasında Hörmüz boğazı ətrafında münaqişə yenidən gündəmə gəldi. Çinin bir çox LNG tədarükləri bu boğazdan keçir. Pekinlə Vaşinqton arasında ticarət müharibəsi davam edir və ABŞ dünyanın ən böyük LNG tədarükçüsüdür. Beləliklə, Rusiya boru kəməri dəniz nəqliyyatına nisbətən daha təhlükəsiz görünür.

Çin fevralın əvvəlindən ABŞ-dən LNG idxalını dayandırıb. Ucuz Rusiya qazına çıxış Pekinə 2030-cu illərdə müddəti bitəcək bir çox digər LNG müqavilələri üzrə danışıqlarda güclü mövqeyə çıxarardı.

Amma bu nöqtəyə çatmaq üçün Pekin və Moskva əvvəlcə "Sibir gücü-2" layihəsini reallığa çevirməlidir.

"Bu, gerçək layihə olana qədər yalnız mesajdır", –təhlilçi Şmitt bildirib.