'ChatGPT', 'Copilot' faktı fikirdən ayırmaqda çətinlik çəkir

ChatGPT

"ChatGPT" və "Copilot" kimi süni intellekt (Sİ) çatbotları xəbərləri mütəmadi təhrif edir, faktları fikirdən ayırmaqda çətinlik çəkir. Bunu 22 beynəlxalq ictimai yayımçının apardığı böyük araşdırma üzə çıxarıb.

"Deutche Welle"nin (DW) də iştirak etdiyi araşdırmaya görə, ən çox istifadə olunan Sİ assistentlərinin dördü dildən, ərazidən asılı olmayaraq xəbər kontentini 45 faiz təhrif edir.

BBC, NPR da daxil ictimai yayımçıları təmsil edən jurnalistlər "ChatGPT", "Copilot", "Gemini" və "Perplexity AI"nin cavablarını dəyərləndiriblər.

Əsas ölçü kriteriyaları dəqiqlik, mənbələr, kontekstin verilməsi, faktı fikirdən ayırmaq bacarığı idi. Araşdırma üzə çıxarıb ki, bütün cavabların, demək olar, yarısında azı bir ciddi məsələ olub. 31 faizində mənbələrlə bağlı ciddi problemlər, 20 faizində isə böyük fakt səhvləri yer alıb.

Sİ assistentlərinin DW-nin suallarına verilən cavabların 53 faizi ciddi problemlərdən, 29 faizi dəqiqliklə bağlı xətalardan əskik olmayıb.

Məsələn, Olaf Şolts hələ də Almaniyanın kansleri, Yens Stoltenberq NATO-nun baş katibi kimi göstərilib.

İctimai etimada zərbə

"Reuters" Jurnalistikanın Öyrənilməsi İnstitutunun 2025-ci il üzrə Rəqəmsal Xəbər Hesabatına görə, onlayn xəbər istehlakçılarının 7 faizi xəbər almaq üçün Sİ çatbotlarından yararlanır, yaşı 25-dən aşağı olanlar üçün bu rəqəm 15 faizə yüksəlir.

Araşdırmanı koordinasiya etmiş Avropa Yayım Birliyinin (EBU) baş direktor müavini Jan Filip De Tender deyir ki, tədqiqat səhvlərin təkəm-seyrək olmadığını göstərib. Onun fikrincə, bu sistematiklik ictimai etimada zərbədir.

BBC-nin 2025-ci ilin fevralında apardığı araşdırma isə yoxlanan cavabların yarıdan çoxunda ciddi problemləri üzə çıxarmışdı. Yəni, o vaxtdan bəri nəticələr azacıq düzəlib.

Araşdırmanı aparanlar hökumətləri tədbir görməyə səsləyib. EBU üzvləri Aİ-ni və milli tənzimləyici orqanları informasiya bütövlüyü, rəqəmsal xidmətlər və media plüralizmi üzrə mövcud qanunları həyata keçirməyə çağırıb.

Onlar həmçinin Sİ assistentlərin müstəqil monitorinqinin vacibliyini vurğulayıblar. Sİ şirkətləri də məhsullarının xəbərlə necə işləməsinə görə daha çox məsuliyyət daşımalıdır, - onlar deyirlər.