Yuta qubernatoru Spenser Koks sağçı fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin tutulduğunu təsdiqləyib. O, saxlanılanın adını çəkib – bu, 22 yaşlı Yuta sakini Tayler Robinsondur.
Sentyabrın 10-da qətlin baş verdiyi Yuta ştatının qubernatorunun sözlərinə görə, T.Robinson qətli ailə dostuna etiraf edib. O, polislə əlaqə saxlayıb və cümə gününə keçən gecə, Kirkin öldürülməsindən bir gündən çox sonra Robinson saxlanılıb.
CNN mənbələrə istinadən yazır ki, Robinson etirafı atasına edib və hüquq-mühafizə orqanlarına xəbər verən o olub.
Müstəntiqlər atəş açan şəxsin motivləri barədə hələ danışmayıblar, lakin onlar onun siyasətlə maraqlandığını vurğulayıblar.
Tayler Robinson
10 sentyabr
Donald Trampın silahdaşı Çarli Kirk öldürülüb
İctimai fəal və mühafizəkar "Turning Point USA" tələbə təşkilatının qurucusu Çarli Kirk çərşənbə günü Orem şəhərindəki Yuta Vadisi Universitetində keçirilən tədbir zamanı boynundan güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Kirkin tanınmış tərəfdarı olduğu prezident Donald Tramp sonradan Ç.Kirkin keçindiyini açıqlayıb.
Universitet nümayəndəsinin "Reuters"ə dediyinə görə, "atəş yaxınlıqdakı binadan açılıb".
Sosial mediada yayılan videoda Kirkin böyük bir küçə auditoriyası qarşısında çıxış etdiyi görünür. Sonra atəş səsinə bənzər güclü partıltı eşidilir. Kirk bir anlıq əlini boynuna qoyur və stuldan yıxılır, bundan sonra insanlar panika içində qaçmağa başlayırlar.
31 yaşlı Kirk keçən ilin noyabrında ABŞ-də keçirilən prezident seçkilərində D.Trampa gənclərin dəstəyini səfərbər etməkdə əsas rol oynayıb. Universitet şəhərciklərində onun iştirakı ilə tədbirlər adətən böyük auditoriya toplayırdı.
Kirk prezident Trampı dəstəkləyən ən görkəmli inflüenserlərdən biri idi. O, tez-tez aparıcı medianı tənqid edir, irq, gender və immiqrasiya ilə bağlı mövzularda çox vaxt təxribatçı açıqlamaları ilə tanınırdı.
"Reuters"in məlumatına görə, 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə hücumundan bəri Birləşmiş Ştatlarda 300-dən çox siyasi motivli hücum hadisəsi qeydə alınıb. Trampın özü 2024-cü ilin iyulunda Pensilvaniya ştatının Butler şəhərində seçki kampaniyası zamanı snayper gülləsi ilə yüngül yaralanıb.