Azərbaycan və Ermənistan sülh sazişinin mətnini yekunlaşdırıblar. Amma Bakı Yerevandan Azərbaycana ərazi iddiasının konstitusiyadan çıxarılmasını tələb edir. Yerevan yeni sənəd üzərində işləyir, di gəl, ermənistanlı seçicilər referendumdan ondan imtina edə bilərlər, bu isə sazişi poza bilər. Bunu Beynəlxalq Böhran Qrupu sentyabrın 5-də açıqladığı "Ermənistan və Azərbaycan: Davamlı sülhə aparan çətin yol" adlı hesabatında yazır.
Qurum bildirir ki, iki ölkə konstitusiya məsələsində kompromis tapmalı, sazişi imzalamalı və sülhdən faydalanmalıdır. Xarici tərəfdaşlar isə sazişin imzalanması üçün stimullar verməlidirlər, xüsusilə də sərhədlər açılandan sonra nəqliyyat infrastrukturuna sərmayələrlə.
Ortaq məxrəc
Qurum Qafqazda iki ölkə arasında etimadın aşağı səviyyədə olduğunu yazır – biri digərinin ona ərazi iddiaları olmasından ehtiyatlanır. Hesabatda deyilir ki, Bakı və Yerevan sülh sazişinin konstitusiya referendumundan sonraya qalmaması, indiyədək əldə olunan proqresin korlanmaması üçün kompromis axtarmalıdır.
"Orta məxrəc kimi razılaşma imzalana, amma ratifikasiyası Ermənistan konstitusiyanı dəyişənə və ya parlament ərazi iddialarını Ermənistan qanunvericiliyindən çıxarmaq üçün başqa bir addım atana qədər təxirə salına bilər. Referendumun nəticələrinin qeyri-müəyyənliyi, çox güclü təzyiqdən dolayı erməni millətçilərinin zəifləmək yerinə güclənə biləcəyi nəzərə alınsa, belə bir kompromisə razılaşmaq Azərbaycanın marağında məntiqli olardı", – hesabatda vurğulanır.
Ermənistanda 2021-ci ildə yaradılan Konstitusiya İslahatı Şurasının üzvü Böhran Qrupuna deyib ki, qurum bir ildən çoxdur görüşmür: "Heç nə baş vermir. Onlar sadəcə yalan danışırlar". Baxmayaraq ki, ölkə rəsmiləri son yekun mətnin gələn ilin iyununa nəzərdə tutulan parlament seçkilərinədək hazır olacağını deyiblər. Digər tərəfdən, 2027-ci ilə gözlənən referendumda yeni konstitusiyanın qəbulu da asan görünmür. Şuranın üzvü bu sənədin heç vaxt keçməyəcəyini deyib.
Qurum sülh sazişinin Ermənistanla Azərbaycan arasında münaqişəyə birdəfəlik bitəcəyinə təminat verməkdən uzaq olduğunu yazır, amma bu sənədi vacib başlanğıc sayır. "İki ölkə Vaşinqtonda paraflanan sazişi möhkəmləndirmək və gerçəkləşdirməkdəm böyük mənfəət götürə bilərlər. Onlar konstitusiya məsələsində kompromisə gəlməlidirlər", – hesabatda deyilir.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Sülh sazişində də tərəflər təsdiq ediblər ki, keçmiş SSRİ respublikalarının sərhədləri müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrilib və beynəlxalq birlik onları bu şəkildə tanıyıb. Habelə, onlar bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıblar. Sənəddə gələcəkdə iqtisadiyyat, tranzit, nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmalar bağlanması da istisna olunmur.