Belarusda məhbusu tatusunu kəsib çıxarmağa məcbur ediblər

İlya Dubski

Xülasə

  • Keçmiş məhbus İlya Dubski Belarus həbsxanasında gördüyü işgəncələri nəql edir. Onu qolundakı tatunu kəsib çıxarmağa məcbur ediblər.
  • Belarusdan deportasiya olunmaqdan imtina edən Nikolay Statkeviç itkin düşüb. Lukaşenko deyir ki, o həbs olunub.
  • "Vyasna" təşkilatının məlumatına görə, hazırda Belarusda mindən çox siyasi məhbus var.

İlya Dubski qolunun üstünə turşu töküb, sonra qayçı ilə Belarusun tarixi emblemi əks olunmuş döyməsini dəridən kəsib çıxarmağa başlayıb. Bu zaman həbsxana nəzarətçisi onun yanında dayanıbmış.

Dubskiyə deyiblər ki, bu döymə onu satqın kimi göstərir: "İstədiyin kimi çıxar, lap daşla... yoxsa azadlıq üzü görməyəcəksən".

Dubski 2020-ci ildə Belarusun avtoritar lideri Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyalarında iştirakına görə tutulub, sosial media paylaşdığı postlara görə 5 il həbsə məhkum edilib.

Dubskinin sol əlindəki yara aydın görünür.

O, Minskin sentyabrın 11-də azad etdiyi 52 məhbusdan biridir. Məhbuslar ABŞ-nin Belarusun "Belavia" dövlət aviaşirkətinə sanksiyaları ləğv etməsi qarşılığında azadlığa buraxılıblar.

28 yaşlı Dubski Litvada AzadlıqRadiosunun Belarus xidmətinə müsahibə verib. O, necə döyülməsindən, siqaret kötüklərinin üzünə yapışdırılmasından, soyuq, sıxlıq olan cəza kameralarında saxlanmasından danışıb.

"Çox ağrıtmasın deyə, sinir uclarını yandırdım. Bütün əlim qan içində idi. Yanımda biri oturub siqaret çəkirdi. Laqeydcəsinə mənə baxırdı", – Dubski döyməsini qayçı ilə kəsməyə necə hazırlaşmasını belə təsvir edib.

Di gəl, onun qoluna infeksiya düşüb, həbsxana klinikasına aparılıb: "Həkimlər şokda idilər. Yarama sarğı qoydular, antiseptiklə müalicə etdilər".

Lukaşenko Statkeviçin həbs olunduğunu təsdiqləyib

Son həftələrdə Belarus siyasi məhbusları buraxması ilə gündəmə gəlib. Bu, ABŞ ilə razılaşmalar çərçivəsində mümkün olur. Amma işgəncə və pis rəftar halları veteran dissidentin buraxılandan az sonra yenidən qaranlıq suallara yol açır.

Nikolay Statkeviç də sentyabrın 11-də azad edilib, amma ölkədən deportasiya olunmaqdan imtina edib. Şəkillərdə o, Litva-Belarus sərhədindəki neytral ərazidə dayanmış görünür. Sonra isə itkin düşüb.

Nikolay Statkeviç

Prezidentliyə keçmiş namizəd 69 yaşlı Statkeviçin həyat yoldaşı Marina Adamoviç sentyabrın 17-də Belarusun şərqindəki Qlubokoye şəhərində həbsxanaya baş çəkib. Siyasətçinin burada saxlanıldığı güman edilir. Həbsxana rəsmiləri ona deyiblər ki, 15 gün ərzində sorğularına cavab veriləcək.

Amma Lukaşenko elə həmin gün Statkeviçin həbs olunduğunu təsdiqləyib, amma harada olduğunu açıqlamayıb.

Avropa Parlamentinin Belarusla əlaqələr üzrə nümayəndə heyəti Statkeviçinin hazırkı vəziyyətini "məcburi yoxaçıxma" adlandırıb, ona təhlükəsizlik və azadlıq tələb edən bəyanat yayıb.

Lukaşenko və ABŞ prezidenti Donald Tramp bu il azı bir dəfə telefonla danışıblar. Vaşinqtonun apardığı diplomatik iş sayəsində bu il onlarla siyasi məhbus, o cümlədən AzadlıqRadiosunun jurnalistləri Andrey Kuzneçuk, bu yaxınlarda İqar Losik buraxılıb.

Davam edən repressiya...

AzadlıqRadiosunun jurnalisti Rey Förlonq yazır ki, Statkeviçin təkrar həbsi Belarusda siyasi məhbusların buraxılması ilə eyni vaxtda siyasi repressiyanın da davam etdiyini göstərir.

Keçmiş məhbuslar isə Lukaşenkonun həbsxanalarında yaşadıqları məşəqqətləri dilə gətirirlər.

Gennadi Fedıniç adlı keçmiş məhbus sentyabrın 12-də jurnalistlərə deyirdi ki, "orada baş verənləri təsvir etməyə söz tapmır". "Başqaları oradakı şəraiti görsə, elə bilərlər orta əsrlərdir. Dəfələrlə gecəyarı oyanıb böyük adamların sözün hərfi mənasında uladıqlarını eşitmişəm", – o deyib.

"Vyasna" təşkilatının məlumatına görə, hazırda Belarusda mindən çox siyasi məhbus var.