Baş Prokurorluq keçmiş deputat, Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin keçmiş müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Elton Məmmədova rəsmi xəbərdarlıq verib.
Qurum bildirir ki, E.Məmmədovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb: "Elton Məmmədov açıqlamasında istintaq orqanına çağrılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb".
Qurum vurğulayır ki, "AMEA-da baş verən qanunsuzluqlar" ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr yaranıb: "İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib".
Açıqlamaya görə, bununla yanaşı, mediada "həqiqətəuyğun olmayan, cəmiyyətdə çaşqınlıq yaradan" açıqlamalar yaydığına görə E.Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq verilib.
Bu açıqlamaya E.Məmmədovdan münasibət almaq mümkün olmayıb. Bir neçə gün öncə bəzi saytlarda E.Məmmədova istinadla AMEA ilə bağlı cinayət işinə aid fikirlər yayılmışdı. "İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər... Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın", - E.Məmmədovun belə dediyi iddia edilirdi.
Xatırlatma
Bu vaxta qədər E.Məmmədovun adı bir sıra mübahisəli məsələlərdə hallanıb. Hətta bir neçə il öncə AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev (keçmiş hakim) E.Məmmədovun onu "cinayətkar" adlandırdığını bildirərək onun həbsini istəyirdi. Amma həmin iddianı məhkəmə qəbul etməmişdi.
2019-2022-ci illərdə AMEA-nın prezidenti olan, daha öncə 24 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev haqqında da bugünlərdə hakimiyyətə yaxın media orqanlarında cinayət işinin açıldığı bildirilir. Haqqında ev həbsi qərarı çıxarıldığı deyilən R.Mehdiyevin dövlətə xəyanət və başqa ittihamla üzləşdiyi vurğulanır. R.Mehdiyev iddialara münasibət bildirməyib.