Türkiyədə deportasiya mərkəzində saxlanan azərbaycanlı fəal zorakılıq gördüyünü deyir

Nənəxanım Babazadə

Azərbaycanlı fəal Türkiyədə deportasiya mərkəzində "xarici terrorçu döyüşçü" kimi saxlanılır. "OC Media" Nənəxanım Babazadənin Azərbaycana deportasiya oluna, orada isə onun həyatına təhlükə ola biləcəyini yazır.

Babazadə Türkiyəyə iki il öncə gəlib, həm İstanbul Universitetində antropologiya təhsili almaq, həm də Azərbaycanı tərk etmək məqsədilə. Elə gələndən siyasi fəal qruplarla əlaqə qurub. Daha çox heyvan hüquqlarına görə mübarizə aparsa da, feminist, LGBT, tələbə etirazlarına da çıxıb.

İşgəncə iddiaları

Babazadə avqustun 21-də işlədiyi veqan kafesində həbs edilib. İfadəsində polis əməkdaşlarının fiziki zorakılığına, təhqirlərə məruz qaldığını deyib. Üstündə axtarış aparılmasına etiraz etdiyinə görə yenidən döyülüb. Vəkilləri belə axtarışın Türkiyə qanunlarına zidd, işgəncə sayıldığını deyiblər. Ertəsi gün Babazadə məcburi tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb. Tibbi sənədlərdə bədəninin müxtəlif hissələrində göyərmə və şişkinlik olduğu qeyd olunub.

Babazadə Çatalca Deportasiya Mərkəzinə köçürülüb və hazırda orada saxlanılır. "OC Media" yazır ki, həbs olunduqdan yalnız dörd gün sonra vəkillərinə görüş icazəsi verilib.

Vəkil Ahmet Baran Çelik deyib ki, N.Babazadə həbs ediləndə ona paltarını geyinməyə icazə verilməyib, ilk üç-dörd gün yalnız qısa köynək və şortda qalıb: "Hakimiyyət təmsilçiləri onu bu geyiminə görə sözlə təhqirlər ediblər... Ona gərəkən dərmanlar, 24 saat ərzində yemək də verilməyib".

İnformator olmaq təklifi

Babazadə vəkillərinə onu da danışıb ki, deportasiya mərkəzinə çatandan sonra kəşfiyyat agentliklərinin əməkdaşları ona azadlığa buraxılması qarşılığında informator olmağı təklif ediblər. İmtina edəndə yenə fiziki zorakılıq və psixoloji təzyiqə məruz qalıb. Dediyinə görə, daha öncə də belə təklif alıbmış.

"OC Media"nın yazdıqlarına Türkiyənin müvafiq orqanlarının münasibəti bəlli deyil.

Babazadə G89 inzibati məhdudiyyət kodu üzrə saxlanıb. Vəkili deyir ki, bu kod İŞİD, yaxud digər terrorçu təşkilatlara qoşulmaq niyyətiylə gələn xaricilərə aid edilir. Türkiyədə bu maddəni habelə insan haqları fəallarına da tətbiq edirlər.

Deportasiya mərkəzində Babazadəyə "könüllü qayıdış anketi" doldurmaq təklifini isə dəfələrlə rədd edib. O, ölkəsində həyatına təhlükə olduğunu, öz ailəsinin üzvlərindən ölüm təhdidi aldığını söyləyib.

Vəkillərin deportasiyaya qarşı vəsatətini məhkəmə sentyabrın 11-də rədd edib.