Azərbaycanda muzdla işləyənlər azalır. Bəs iqtisadiyyat 'ağardılacaqdı'...

Sizin brauzer HTML5-i dəstəkləmir

Dövlət 250 milyon manatı hara xərcləyib? - Yeni iş yerləri üçün plan

Azərbaycanda rəsmi işləyənlərin sayı azalır. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarında bəhs edilir.

Qurumun açıqlamalarının təhlili göstərir ki, təkcə son bir ayda ölkədə rəsmi işləyənlərin sayı 2 min 400 azalıb.

DSK vurğulayır ki, 2025-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768 min 400 nəfər olub. Onlardan 858 min 100 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910 min 300-ü isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Komitə bundan bir ay əvvəl isə rəsmi işləyənlərin sayını 1 milyon 770 min 800 nəfər göstərmişdi.

Bu il yanvarın 1-i ilə müqayisədə ölkədə muzdla işləyənlərin sayı ümumilikdə 10 mindən, ayrıca dövlət sektorunda çalışanlar isə 24 mindən çox azalıb.

Azərbaycan hökuməti bu azalmalar ilə bağlı hər hansı açıqlama verməyib. Amma APA agentliyinin məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən, sentyabrın 10-da keçirilən iclasında komitə sədri Musa Quliyev deyib ki, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmir və, ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyil.

İqtisadiyyat "ağardılacaqdı"...

Son rəsmi rəqəmlərə görə, ölkədə məşğul əhalinin sayı 5 milyon 355 min 400 nəfər təşkil edib. Rəsmi işsizlərin sayı isə cəmi 5 faizdən bir qədər artıq göstərilir. Müstəqil iqtisadçılar bu rəqəmə şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, Azərbaycanda rəsmi işsiz statusu almaq iş tapmağın özündən çətindir. Həmin ekspertlər vurğulayırlar ki, qeyri-rəsmi çalışan şəxslər də dövlətin sosial müdafiəsindən kənarda qalıblar.

Yaxın illərə kimi Azərbaycan hökumətinin təmsilçiləri qarşıya "iqtisadiyyatın ağardılması" məqsədini qoyduqlarını açıqlamışdılar. Onlar deyirdilər ki, bu proses dərinləşdikcə muzdla işləyənlərin sayında kəskin artım olacaq.