Azərbaycan və Ermənistan normallaşma prosesində geriyə dönüşün olmaması üçün hələ çox iş görməlidir, Rusiya bu məsələdə kömək etməyə hazırdır. Bu bəyanatla noyabrın 7-də Rusiya Xarici İşlər Nazirliyi (XİN) çıxış edib.
Qurum bildirir ki, Bakı və Yerevan ikitərəfli münasibətlərin normallaşma prosesində geriyə dönüşün baş verməməsi üçün çox iş görməlidir, "buraya sülh sazişinin imzalanması, nəqliyyat və iqtisadi əlaqələrin Cənubi Qafqazın bütün ölkələri və onların birbaşa qonşularının maraqlarına uyğun bərpası, dövlət sərhədinin ədalətli delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyəti arasında effektiv əlaqələrin qurulması daxildir".
Rusiya XİN Moskvanın Azərbaycan və Ermənistan tərəfdaşlarına bütün istiqamətlərdə, o cümlədən "3+3" Regional Əməkdaşlıq Platforması çərçivəsində hər cür yardım göstərməyə hazır olduğunu da qeyd edir.
Bəyanatda Rusiyanın vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-da əldə olunmuş atəşkəs sənədi, sonrakı illərdə də əməkdaşlığa dair bəyanatların sülh prosesinin yol xəritəsini formalaşdırdığı və bu razılaşmaların hələ də qüvvədə olduğu vurğulanır.
Rusiya avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını da müsbət dəyərləndirir.
"3+3" formatı 2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsdür. Üç Cənubi Qafqaz ölkəsi üstəgəl Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur. Məqsəd regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası idi. Amma Gürcüstan Rusiyaya görə danışıqlara qatılmayıb, görüşlər "3+2" formatında keçirilib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp yolu" (TRIPP) üzrə razılaşma əldə olunub. Bu yol ABŞ şirkətinin nəzarətinə verilməlidir. 9 noyabr atəşkəs bəyanatına əsasən, bu yolun təhlükəsizliyini Rusiyanın FSB qüvvələri təmin etməli idi.
Sizin brauzer HTML5-i dəstəkləmir
10 noyabr bəyanatı qüvvədə qalırmı?