Ermənistan və Azərbaycan bir-birinin hava məkanından istifadəyə başlayıblar

N.Paşinyan təyyarədən enir

Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi son 30 ildə ilk dəfə Azərbaycan hava məkanından istifadə edib. Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib. Baş nazirin təyyarəsi avqustun 30-dan 31-nə keçən gecə xarici səfərə yola düşüb və sentyabrın 6-da Ermənistana qayıdıb.

Bağdasaryan deyib ki, Azərbaycan təyyarələri artıq uzun müddətdir Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında Ermənistan hava məkanından istifadə edir.

Ermənistanın "Hetq" nəşri yazır ki, ölkənin aviaşirkətləri artıq bir həftədir Azərbaycan hava məkanından istifadə edir, "Azərbaycan Hava Yolları" da Ermənistan səması üzərindən uçuşlar gerçəkləşdirməyə başlayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Sülh sazişində də tərəflər təsdiq ediblər ki, keçmiş SSRİ respublikalarının sərhədləri müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrilib və beynəlxalq birlik onları bu şəkildə tanıyıb. Habelə, onlar bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıblar. Sənəddə gələcəkdə iqtisadiyyat, tranzit, nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmalar bağlanması da istisna olunmur.