Bu həftə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası ilə başladı. Qurumun ənənəvi illik 2025-ci il Vatslav Havel Mükafatı ukraynalı jurnalist və insan haqları müdafiəçisi Maksim Butkeviçə verildi. Bakıda həbsdə olan "AbzasMedia" direktoru Ülvi Həsənli bu mükafata namizədlərin qısa siyahısına salınmışdı. Onun xanımı Rübabə Quliyeva Strasburqdakı mərasimə buraxılmayıb.
Azərbaycan artıq iki ilə yaxındır AŞPA ilə əməkdaşlığı dayandırıb. Qurum Bakının öhdəliklərinin icrasındakı problemləri əsas gətirərək onun səsvermə hüququnu dondurub.
Azərbaycan AŞPA-ya qayıda bilərmi?
Parlament üzvü Fazil Mustafa deyir ki, AŞPA hər hansı bir ön şərt olmadan və standartları fərqləndirmədən bütün ölkələrə göstərdiyi münasibəti Azərbaycana da tətbiq etməlidir. Keçmiş diplomat Nahid Cəfərov isə AŞPA-nın bəzi güzəştlərə gedə biləcəyini də istisna etmir, buna Azərbaycanın Avropanın enerji bazarında iştirakının artmasını səbəb göstərir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan yenidən AŞPA-ya qayıdacaqmı? – 'Bakıya çox ciddi güzəştlər olacaq'
Hazırda AŞPA ilə Bakı arasında əməkdaşlığın bərpası yönündə hər hansı danışıqlar gedirmi? Xüsusilə insan haqları məsələsində hansısa güzəştlərə yer varmı? AzadlıqRadiosu bu suallarına Avropa Şurasından, hələlik, cavab ala bilməyib.
Amma AŞPA-nın məruzəçisi Kristof Lakrua ötən ay Azərbaycan hakimiyyətini mənalı dialoq yoluna qayıtmağa çağırmışdı. O, insan hüquqlarına hörməti beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlığı rifahlı və dinc gələcəyə aparan əsas addımlardan sayırdı.
Azərbaycan bu həftə BMT-nin insan hüquqları orqanları və mexanizmləri ilə də konstruktiv dialoq və əməkdaşlığa sadiqliyini təsdiqləyib. Amma rəsmi Bakı yenə də ikili standartlardan danışıb, bəyanatında qeyd edib ki, "insan hüquqları mexanizmlərinin effektiv, şəffaf və siyasiləşmə ilə ikili standartlardan azad olmasını təmin etmək üçün səylərimizi artırmalıyıq".
Xarici pasport verilmədiyi üçün bu həftə Varşava Təhlükəsizlik Forumuna qatıla bilməyən AXCP sədri Əli Kərimli isə sosial şəbəkədə yazıb ki, "İlham Əliyev BMT tribunasından hamı üçün ədalətdən, hamı üçün hüququn üstünlüyündən danışır, ancaq öz siyasi rəqibinə özü ilə bərabər demirəm, özünün 1/10-i qədər haqq, hüquq, imkan tanımır".
Hakimiyyət illərlə Qərbi özünə qarşı ikili standartlarda qınayıb, bunu da, əsasən, Qarabağ münaqişəsi ilə əlaqələndirib. 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə Qarabağda birgünlük əməliyyatla ölkənin ərazi bütövlüyü bərpa olunub, Ermənistanla sülh sazişi də paraflanıb. Amma insan haqları qurumları ölkədə 360-dan siyasi məhbusun olduğunu deyirlər. Onların azı 20-si jurnalistlərdir.
Məhkəmə xronikası
Onlardan biri, hazırda məhkəməsi gedən "ToplumTV" jurnalistlərindən Fərid İsmayılov saxlandığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükə yarandığını deyir.
"AbzasMedia işi" üzrə həbsdə olan jurnalistlərə isə 7 il yarımdan 9 iləcən həbs cəzası kəsilib. Onlardan üçünü - nəşrin baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımovanın Lənkərandakı yerləşən Penitensiar Kompleksə köçürüblər. Xanım jurnalistlər Bakıdan Lənkərana üç-dörd saatlıq məsafənin yaxınları ilə görüşlər üçün ciddi çətinlik yaratdığını bildirirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
'AbzasMedia'nın üç jurnalisti Lənkərandakı həbsxanaya köçürüldü
Bu həftə Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı öz məhkəməsində deyib ki, ona verilən hədə-qorxu ilə tələbetmə ittihamı şər-böhtandır, siyasi motivlərlə həbsdə saxlanır.
"Müdafiə Xətti" insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, ölkədəki repressiv siyasəti tənqid etdiyinə görə 10 aydır həbsdədir.
Gələn həftədən yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarından bir neçəsi məhkəmə qarşısına çıxarılacaq. Onlar barələrindəki vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı kimi ittihamları qəbul etmirlər.
Qazdan, enerji təhlükəsizliyindən danışıblar, bəs insan haqları?
Bu məhkəmələr fonunda Azərbaycan prezidenti İlham Əliyev Kopenhagendə Avropa Siyasi Birliyinin sammitində Avropa liderləri ilə bir araya gəlib. Hətta 10 ay öncə "uğursuz dövlət" adlandırdığı Fransa lideri Emmanuel Makron ilə də görüşüb.
Azərbaycan rəhbərliyi Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə də görüşüb. Rəsmi məlumata görə, görüşdə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı roldan danışılıb. Prezident Əliyev deyib ki, hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının səkkiz üzv dövləti Azərbaycan qazını alır və bu, Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfədir.
Oktyabrın 1-də Kopenhagendə keçirilən Aİ sammitinin əsas mövzusu da elə təhlükəsizlik idi. Liderlər Rusiya təcavüzünə qarşı Ukraynaya dəstəyi, Avropanın müdafiəsini gücləndirməyi müzakirə ediblər.
Bu görüşlərdə Azərbaycanda həbsdə olan jurnalistlərdən, hüquq müdafiəçilərindən söz açılıb-açılmadığı bəlli deyil. Bəzi tənqidçilər Avropa liderlərinin üzdə insan haqlarından danışmasına baxmayaraq, siyasi faydalarını əsas götürdüklərni deyirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Avropa Azərbaycandan qaz alanda insan haqlarının durumuna baxmalıdırmı?
Amma Aİ ilə əməkdaşlığın əsasında həm də fundamental prinsiplərə, hüququn aliliyi və insan haqlarına hörmət durmalıdır. Bunu Aİ rəsmiləri də dəfələrlə vurğulayıb. Yəni, Aİ-nin siyasətində insan haqları ikinci dərəcəli məsələ sayılmır, Aİ-nin ticarətdən tutmuş, diplomatiyaya qədər bütün sahələrdə siyasətinin tərkib hissəsidir.
Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin bu il yaydığı hesabatda isə deyilirdi ki, Aİ Azərbaycanın enerji sahəsindəki töhfələrini yüksək qiymətləndirir, amma idarəetmə, mətbuat azadlığı və vətəndaş azadlıqları ilə bağlı davamlı narahatlıqlar diplomatik münasibətlərdə gərginlik yaradır. "Bu məsələlər Brüsseli tez-tez çətin duruma salır - strateji enerji maraqları ilə demokratik dəyərlərə əsaslanan gündəmini tarazlaşdırmalı olur".
Üç ildən sonra Avropa Siyasi Birliyinin sammiti Bakıda keçiriləcək. "Eurasianet" portalı yazır ki, Brüssel buna strateji dəstək kimi baxır, həm də bir növ balanslaşdırmadır, çünki gələn il bu sammitə Ermənistan ev sahibliyi edəcək.