'Həyatım dəyişdi'. Avropada qaçqın böhranının 10 ili

Sizin brauzer HTML5-i dəstəkləmir

Miqrantlar Almaniyaya qeyri-adi üsulla keçmək istədilər (ARXİV. 2017)

Macədəldin Əbdülhəy 10 il öncə az qala həyatını itirdiyi yolçuluğun növbəti mərhələsi üçün güc toplayırdı. 2015-ci ilin avqustunda yüz minlərlə insan Türkiyədən Balkanlar vasitəsilə yola çıxmışdı, onlar Qərbi Avropaya sığınacaq dalınca gedirdilər.

Bu, İkinci Dünya müharibəsindən bəri Avropa daxilində ən böyük miqrasiya hərəkatı idi. Bu böhran həmin zəncirdə yer alan bütün ölkələr üçün ciddi pozuntular yaratdı, elə bu gün də onların siyasətini, cəmiyyətini formalaşdırmaqdadır.

AzadlıqRadiosunun aparıcı müxbiri Rey Förlonq o zaman miqrantlara qoşularaq radio üçün onların hekayətlərini hazırlayıb. 10 ildən sonra həmin şəxslərin həyatı ilə maraqlanıb.

"Seçimim qalmamışdı"

Jurnalist Suriyanın Hələb şəhərində ingilis ədəbiyyatı üzrə təhsil alan Əbdülhəylə Belqradda qaçqınlar üçün ayrılmış ucuz bir otelin qarşısında tanış olub. Əbdülhəy xatırlayırdı ki, içində olduğu rezin qayığı hərbi gəmi vurduqdan sonra Egey dənizinə düşüb.

"İki saatdan sonra Türkiyə sahil mühafizəsi gəlib bizi xilas etdi. Bundan sonra başqa bir yolla Türkiyənin Marmaris şəhərinə getdik və orada bizi Yunanıstana aparan bir adam tapdıq", – o danışıb.

Əbdülhəy Macarıstanı necə keçəcəyindən narahat imiş, çünki bu ölkə miqrantların qarşısını almaq üçün sərhəddə hasar inşa edirdi.

Macədəldin Əbdülhəy

İndi 30 yaşında olan Əbdülhəy Almaniyanın Bad-Kroyntsnax şəhərində yaşayır, bir logistika şirkətində işləyir. Artıq siqareti tərgidib.

"Təhsilim yarımçıq qaldı. İki il işsiz qaldım. Üsyançılar, İŞİD, "Əl-Qaidə", İran silahlı dəstələri… bu vəziyyətdə qaçmaqdan başqa seçimim yox idi", – o deyir.

Əbdülhəy danışır ki, səfər zamanı yaşadığı ən ağır anlardan biri Serbiya sərhədçilərinin onu qoşulduğu qrupdan ayırmağa çalışması olub.

"Almaniyaya çatanda ilk dəfə özümü yenidən insan kimi hiss etdim", – deyə o, Almaniyaya minnətdarlığını bildirir. Onu da əlavə edir ki, o vaxtdan bəri bu ölkədə təsadüfi irqçilik halları da artıb.

Almaniya həmin dövrdə təxminən 1 milyon insanı qəbul etmişdi. Bu, ölkədə ciddi siyasi gərginliyə, antimiqrant mövqeyi ilə tanınan AfD – "Almaniya üçün Alternativ" partiyasının yüksəlişinə səbəb olmuşdu.

Lakin Əbdülhəy heç nəyi peşmanlıqla xatırlamır və artıq Almaniya vətəndaşlığına müraciət edib.

"Mənim bir hissəm artıq almandır", – o deyir.

Kamal Əl Şairi

"Pitsa qutularında körpələr"

Kamal Əl Şairi serbdir. Anası yuqoslav, atası liviyalı olan Əl Şairi 2015-ci ilin avqustunda Serbiyanın şimalındakı Kanija qaçqın düşərgəsində könüllü tərcüməçi kimi çalışırdı. Oradakı şərait onu dəhşətə gətirmişdi.

"İnsanlar (elə bu yaxınlaracan) küçələrdə yatırdılar. Körpələri pitsa qutularında saxlayırdılar. Gigiyena qaydalarına riayət olunmadığından həkimlər həftədə cəmi iki dəfə gəlirdilər", – o danışır.

Üstündən 10 il keçəndən sonra Əl Şairinin yaddaşında ən çox qalan insan axınının miqyası olub.

"O vaxtdan bəri Şərqi Afrikada, Küveytdə, başqa yerlərdə çalışmışam. Amma belə bir axını heç yerdə görməmişəm. Onlar hərfən çantalarını götürüb həyatlarını xilas etmək üçün yola çıxmışdılar", – o bildirir.

O zaman 28 yaşında olan Əl Şairi yardım işçisi olmağı seçib.

"Bu iş həyatımı gerçəkdən dəyişdirdi… Mən humanitar işçi oldum", – o bildirir.

Macarıstan və Xorvatiya 2015-ci ildə sərhədlərini bağladı. Bu da Serbiyadakı ümidsiz insanların sayını daha da artırdı.

Əl Şairinin çalışdığı Balkan Miqrasiya Mərkəzinin hesabatında deyilirdi ki, "Mərkəzlərdə gərginlik artır… Panik və isterik hücumlar, qorxu, depressiya, ailədaxili zorakılıq və intihar fikirlərində artım müşahidə olunur".

Əl Şairi inanır ki, bu böhran və iqtisadi təzyiqlər Serbiyaya güclü təsir göstərib.

"Siyasi spektrdə sağa doğru meyllər xeyli artdı. İqtisadi vəziyyət çətinləşəndə milliyyətçilik və ksenofobiya yüksəlir. Bilirəm ki, ilk zərbə mənim kimi görünən insanlara dəyəcək", – o deyir.

Hazırda Əl Şairi Liviyanın Benqazi şəhərində yaşayır.

Mark Kekeşi

Akademikdən elektrikə aparan yol

Kanijadan insan qaçaqçıları qrupları Macarıstan sərhədindən keçirirdilər. Seqed şəhərində 36 yaşlı Mark Kekeşi rütubətli avqust axşamında dəmiryol stansiyasında pulsuz su və qəlyanaltı paylayırdı.

"Miqrantlar sərhəddən, indi tikilən hasarın üstündən davamlı gəlirlər. Bu, 2015-ci ildə ölkələr arasında hasarlar tikməyimizə görə bizim üçün bir növ utancdır", – o deyirdi.

Onda Kekeşi Seqed Universitetində assistent kimi sosiologiya dərsləri verirdi. İndi xatırlayır ki, yay tətilindən yaxşı yararlanmağa qərar verib: "Bu, bir yandan humanitar hərəkət idi. Digər yandan isə bir mesaj idi ki, hökumətin istədiyi kimi hərəkət etməyənlər də var".

Macarıstanın baş naziri Viktor Orban ölkənin sərhədlərini tikanlı məftillər, əsgərlər və hündür hasarla bağlamağa söz verərək qaçqınların Avropaya girməməli olduğunu deyirdi. "Biz macarıstanlılar qorxu içindəyik, Avropadakı insanlar qorxu içindədir", – o, 2015-ci il sentyabrın 3-də Avropa Parlamentində çıxışında vurğulayıb.

Kekeşi deyir ki, Orban bu böhrandan siyasi məqsədlər üçün faydalanıb.

"O günlərdən koronavirus pandemiyasının başlamasına qədər baş nazirimiz həm beynəlxalq, həm də daxili səviyyədə, əsasən, yalnız qeyri-qanuni miqrasiyadan danışıb, başqa mövzuya toxunmayıb", – o deyir.

Kekeşi 2016-cı ildə "şəxsi" səbəblərdən akademiyanı tərk edib və sərbəst tədqiqatçı kimi işləməyə başlayıb. Pandemiya vaxtı keçirdiyi "orta yaş" böhranından sonra isə elektrik işləməyə başlayıb.