'Azərbaycanla bağlı qərarda bunu yazmaqla demək istəyirlər ki, belə məhkəmə olar?'

Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT-nin) rəhbəri Anar Məmmədli deyir ki, seçki saxtakarlıqlarını ifşa etdiyinə, insan haqlarının müdafiəsiylə məşğul olduğuna görə siyasi sifarişlə həbs edildiyi aydındır. Lakin heç olmasa, formal əsaslar ortaya qoyulsun. O bu haqda sentyabrın 22-dəki məhkəmədə ifadə verərkən danışıb.

A.Məmmədli Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan başqa bir ictimai fəal Anar Abdulla ilə birlikdə mühakimə edilir.

Sentyabrın 22-dəki məhkəmədə öncə A.Abdullanın vəkili Günay İsmayılova onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, A.Abdullanın yaşlı nənəsi var, bir də bacısı:

“Bacısı da bilmir ki, nənəsinə baxsın, yoxsa onun yanına gedib-gəlsin. Qalıb yollarda. Anar Abdulla haqqında əvvəl həbs qətimkan tədbiri seçilməzkən vaxtında məhkəməyə gedib-gəlirdi”.

Hakimlər A.Abdullanı ev dustaqlığına buraxmaqdan boyun qaçırıblar.

"Məhkəmə ittiham aktında yazılanları “copy paste” eləyib"

Ardından A.Məmmədli ifadə verib. O, 12 il öncə də vətəndaş cəmiyyətinə qarşı repressilar zamanı həbs edildiyini yada salıb. Həmin vaxt yerli məhkəmələr işinə ədalətli baxmadığından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərmişdi. Avropa Məhkəməsi onun işi üzrə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi ilə yanaşı, həm də 18-ci (Konvensiyadankənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddəsinin pozuntusunu tanımışdı. A.Məmmədli vurğulayıb ki, Avropa Məhkəməsi bu qərarla onun təqsirsiz olduğunu, Azərbaycanda çıxarılmış məhkəmə hökmünün sifarişlə verildiyini təsdiqləyib:

“Qərarda göstərilib ki, Azərbaycanda məhkəmə ittiham aktında yazılanları “copy paste” eləyib (eynilə köçürüb -red.), öz hökmünə köçürüb. Azərbaycanla bağlı qərarlarında bunu yazmaqla demək istəyirlər ki, belə məhkəmə olar?”

A.Məmmədli deyir ki, heç bir sübut-dəlil olmadan xarici ölkəyə gedib-gələn adamı qaçaqmalçılıqda suçlayırlar. Evdə pul varsa, bunu cinayət yolu ilə əldə edilmiş vəsait kimi rəsmiləşdirirlər: “Heç bir sübut olmadan bizi mütəşəkkil dəstə kimi təqdim ediblər”.

Hüquq müdafiəçisi ittiham aktında yazılanları “absurd” adlandırıb və əsaslandırma tələb edib.

Onun məhkəməsi sentyabrın 29-da sualları cavablamasıyla davam edəcək.

Məmməd Alpaya verilən ittihamlar da “QHT işi”nə birləşdirilib

A.Məmmədlinin işi üzrə istintaqın sonunda A.Abdulla ilə yanaşı, daha bir vətəndaş cəmiyyəti fəalı - Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpaya (Məmmədzadəyə) da ittiham verilib. O, həmin vaxt Baş Prokurorluqda istintaqı gedən yerli və beynəlxalq QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunduğundan, A.Məmmədli işi üzrə ona verilən ittihamlar da “QHT işi”nə birləşdirilib. M.Alpaya qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması və s. ittihamlar irəli sürülüb.

Buna da bax: 'QHT işi' üzrə təqsirləndirilənlərin ittihamları ağırlaşdırılır

Anar Abdulla isə öncə təqsirləndirilən şəxs qismində cəlb olunsa da barəsində həbs qətimkan tədbiri seçilməmişdi. İyulun 11-də isə saxlanılaraq, Binəqədi rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs edilib. Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib. Ancaq özü avtobusdan düşərkən saxlanıldığını və heç bir inzibati xəta törətmədiyini bildirib.

Xatırlatma

SMDT rəhbəri Anar Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. maddələrlə ittiham ağırlaşdırılıb.

İstintaqın sonunda SMDT-nin əməkdaşı olmuş Anar Abdullaya da eyni maddələrlə ittiham verilib.

Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var.

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirir. Rəsmilər iddia edirlər ki, həbs olunanlar konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.