Dünən, oktyabrın 9-da 40 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb
Dövlət Miqrasiya Xidməti oktyabrın 10-da bildirib ki, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib: "...Reinteqrasiya üzrə İşçi qrup readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir".
Almaniyadan Azərbaycana qaytarılan şəxslərin adları açıqlanmır.
Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2020-2024-cü illər ərzində 16 ölkədən 1 696 nəfərin readmissiyası həyata keçirilib. Bu il isə buna qədər bu rəqəmin 200-ü keçdiyi açıqlanmışdı.
Son üç il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfərin narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
Readmissiya –dövlətin digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxsləri geri qəbul etməsidir.
Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir. Amma Azərbaycanda bununla bağlı şikayətlər var.
Sizin brauzer HTML5-i dəstəkləmir
Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?