"Regionda sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır". Bunu Avropa İttifaqının (Aİ) Genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünə dair X hesabında paylaşımında bildirib.
"Bu imkanlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupun yaradılması barədə razılığa gəldik. Tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik", - paylaşımda deyilir.
İqtisadiyyat Nazirliyinin məlumatına görə isə, sentyabrın 18-də gerçəkləşən həmin görüşdə Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Avropa İttifaqından gələn komissarı qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, M.Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Bu il sentyabrın 8-də Vaşinqtonda ABŞ prezidentinin vasitəçiliyi ilə iki ölkənin xarici işlər naziri sülh sazişi sənədini paraflayiblar.
M.Kos deyib ki, Aİ regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək.
İ.Əliyev isə Azərbaycan qazının hazırda Avropanın 10 ölkəsinə, o cümlədən ittifaqa üzv səkkiz dövlətə ixrac olunduğunu deyib və ixrac coğrafiyasının genişləndiyini vurğulayıb.
Agentliyin xəbərinə görə, görüşdə habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər işğaldan azad edilən ərazilərdə minatəmizləmə və yenidənqurma işləri aparılır.
Xatırlatma
Azərbaycan Aİ ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edib. Proqrama Azərbaycandan başqa Ukrayna, Gürcüstan, Moldova, Ermənistan və Belarus daxil idi.
Əvvəlcə Ukrayna, Moldova və Gürcüstanla assosiativ saziş imzalayıblar. Sonradan onlara namizəd statusu verilib. Lakin Gürcüstanda "xarici agentlər", cinsi azlıqlara dair mübahisəli qanunlar və ötən il kütləvi etirazlar doğuran parlament seçkilərdən sonra bu ölkə ilə danışıqlar dayandırılıb.
Belarus isə lap əvvəldən Aİ ilə əməkdaşlığı dayandırmışdı.
Qalan ölkələrdən Ermənistanla isə illər öncə tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da hələ 2017-ci ildə belə danışıqlar başlasa da, hələlik, real nəticə yoxdur.