Prezident İlham Əliyev 10 ay əvvəl Ağdaş rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin etdiyi Orxan Hüseynzadəyə işində "ciddi" nöqsanlara görə şiddətli töhmət verib.
Prezidentin bununla bağlı bu gün, avqustun 29-da imzaladığı sərəncamda nöqsanların konkret nədən ibarət olduğu göstərilmir.
İcra başçısından sərəncama münasibət almaq mümkün olmayıb.
Şiddətli töhmət alan başçı kimdir...
O.Hüseynzadə 1983-cü ildə Bakıda doğulub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
2006-2012-ci illərdə Səhiyyə Nazirliyi, 2012-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında işləyib. 2018-ci ildən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışıb.
O, ötən il noyabrın 1-də Ağdaş rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Azərbaycanda icra başçılarına şiddətli töhmət verilməsi elə də geniş yayılmış hal deyil. İcra başçıları ölkə başçısının mənfi münasibəti ilə üzləşərkən, daha çox işdən çıxarılmaları və həbs edilmələrinə görə diqqət çəkiblər.
Azərbaycanda icra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Onlar mənimsəmə və başqa ağır cinayətlərdə ittiham ediliblər. Məhkəmə prosesləri zamanı onlardan ittihamları qismən qəbul edənlər də olub, tam inkar edənlər də.