ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə nüvə tərk-silahı məsələsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, mövzu Putinin Alyaskaya səfəri zamanı müzakirə olunub, liderlər Çini dialoqa qoşmaq niyyətindədirlər.
"Ən çox nüvə silahı bizdədir", - deyən Tramp "Rusiya ikincidir. Çin isə üçüncüdür. Çin çox geridədir, lakin beş ildən sonra bizə çatacaqlar" – fikrini ifadə edib. O, Putinlə dialoqu "yaxşı" adlandırıb, bildirib ki, Rusiya prezidenti ilə "hər söhbət" yaxşıdır.
Avqustun 14-də Ankoricə getməzdən əvvəl Rusiya prezidenti Təhlükəsizlik Şurasına nüvə silahı məsələlərini Ukrayna üzrə mümkün sazişə daxil edə biləcəyini deyib. Onun sözlərinə görə, Vaşinqtonla gələcək danışıqlar zamanı strateji hücum silahlarına nəzarət sahəsində razılığa gəlmək mümkündür.
ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarət üzrə sonuncu müqavilə - START III 2026-cı ildə başa çatır. Saziş yalnız qismən yerinə yetirilir — Moskva Ukraynanın işğalı başlanandan sonra iştirakını dayandırdığını bildirib. Müqaviləyə əsasən, ayrı-ayrılıqda ABŞ və Rusiya istifadəyə hazır vəziyyətdə 1550-dən çox nüvə başlığı saxlaya bilməz. Daşıyıcıların ümumi sayı 700 ilə məhdudlaşır. Müqavilə digər ölkələrin, o cümlədən Çinin strateji silahlarını əhatə etmir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, bu ilin yanvarına dünyada 12 min 241 nüvə başlığı vardı. Çoxu Rusiya və Birləşmiş Ştatların payına düşür - müvafiq olaraq 4 min 309 və 3 min 700.
SIPRI-nin məlumatına görə, Çinin arsenalında 600 döyüş başlığı var, lakin Pekin öz nüvə potensialını digər nüvə gücləri ilə müqayisədə daha sürətlə artırır. Pentaqon hesab edir ki, 2027-ci ilə qədər Çinin arsenalındakı nüvə başlıqlarının sayı mini keçə bilər.