Vaşinqton sammitindən sonra: 'Cənubi Qafqazda iş yarımçıq qalıb'

ABŞ prezidenti Tramp Vaşinqtonda Ermənistanın baş naziri Paşinyan və Azərbaycan prezidenti Əliyevlə üçtərəfli sazişin imzalanması mərasimində.

Bu il avqustun 8-də Ağ evdə tarix yaşandı. Prezident Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə bir araya gəldi. 30 ildən çox diplomatik uğursuzluqdan sonra Qafqazdan iki lider birgə bəyanat imzalayaq yekun sülh sazişi öhdəliyi götürdülər, xarici işlər nazirləri isə saziş layihəsini parafladılar.

Vaşinqtondakı Hadson İnstitutunun aparıcı əməkdaşı Lyuk Koffi yazır ki, Ağ ev işin bitmədiyini anlamalıdır. O, Azərbaycan-Ermənistan sülh prosesində üç böyük problemin olduğunu qeyd edir.

Onlardan birincisi baş nazir Paşinyanın siyasi sabitliyi məsələsidir. Gələn ilin iyununa gözlənən parlament seçkiləri öncə bu sabitlik sarsıla bilər. Sərt xətt tərəfdarı millətçilər və Moskvanın dəstəklədiyi qruplar Paşinyanın hakimiyyətinə, sülh prosesinin legitimliyinə meydan oxuyurlar.

Təhlilçinin fikrincə, həm Ermənistan, həm də Azərbaycan Rusiya və İranın dezinformasiya kampaniyaları vasitəsilə sülh prosesini gözdən salacağını gözləməlidirlər.

TRIPP-ə əngəllər

Və nəhayət, üçüncü məsələ – sülh razılaşmasındakı regional nəqliyyat xətlərinin necə maliyyələşəcəyidir. "Beynəlxalq Sülh və Rifah uğrunda Tramp Marşrutu" (TRIPP) da bu sıradadır. Müəllif bu marşrutun çəkilməsi yolunda nəhəng logistik əngəllərin durduğunu yazır.

Azərbaycan ərazisinə nəzarəti bərpa edəndən sonra Horadiz-Ağbənd dəmiryol xəttini təmir edir. Bu xətt "Tramp yolu"nu Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək. 2021-ci ildə başlamış tikinti bu ilin sonuna tamamlanmalıdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?

Magistral yol şəbəkəsi nisbətən yaxşıdır. Əsas marşrut kimi E-002, Avropa təsnifatına görə B sinfinə aid yol təyin olunub. Bu yol on illərdir istifadə olunmadığından bərbad durumdadır, bir çox körpülər ya əsaslı təmir olunmalıdır, ya da tam dəyişilməlidir.

L.Koffi qeyd edir ki, bu məsələlər yoluna qoyulmasa, Trampın sülh təşəbbüsünə marağı itə bilər: "Yalnız onun birbaşa nəzarəti altında uğur qazanıla bilər".

Tövsiyələr

Müəllif ABŞ-nin Avrasiyada yeni güc kimi ortaya çıxdığını, bu məqamdan yararlanaraq regionda daimi güc kimi təsirini artırmalı olduğunu yazır. Digər tərəfdən, Cənubi Qafqazda tamamlanmamış iş qalıb: Gürcüstan ərazisinin 20 faizini tutmuş Moskva bundan təkcə regionda gücünü göstərmək üçün deyil, həm də Gürcüstanın daxili siyasətinə nüfuz etmək üçün yararlanır. Rusiya Gürcüstandan regionda əsas təsir rıçağı kimi istifadə edəcək. ABŞ siyasətçiləri bu reallığı gözardı etməməli, Gürcüstanın dayanıqlığını gücləndirəcək siyasət hazırlamalıdırlar.

Təhlilçi Cənubi Qafqazda Rusiya və İranın təsirini azaltmaq üçün Vaşinqtona konkret tövsiyələr verir. Məsələn, Azərbaycanla əlaqələrdə dəniz sularında təhlükəsizlik və terrorçuluğa qarşı əməkdaşlığa fokuslana bilər. Xəzərdə sərhəd radar stansiyaları quraşdıra, Azərbaycan donanmasına təlimlər keçə, avadanlığı modernləşdirə bilər.