Bakıda hərbi parad keçirilib

Bakıda hərbi parad

Noyabrın 8-də Bakının Azadlıq meydanında hərbi parad keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət himnləri səslənib. Parada habelə Azərbaycan hərbçiləri ilə yanaşı, Türkiyə və Pakistan hərbçiləri də qatılıblar.

Sonra hər üç liderin çıxışları dinlənib.

Türkiyə prezidenti bildirib ki, Cənubi Qafqazda sülhün hakim olması Asiyadan Avropaya bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindədir: "Xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülhün əldə ediləcəyinə son dərəcə ümidliyik".

Azərbaycan hər il noyabrın 8-ni, İkinci Qarabağ müharibəsinin başa çatdığı günü- Zəfər günü kimi qeyd edir.


Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə (İkinci Qarabağ müharibəsi) və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.

Həmin sənədlə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını təsdiq edirlər və qarşılıqlı iddiaların dayandırılması zəruri sayılıb. Həmçinin, Vaşinqtonda Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp yolu" (TRIPP) üzrə razılaşma əldə olunub. Bu yol ABŞ şirkətinin nəzarətinə verilməlidir.