Ermənistan hökuməti gələn il müdafiə xərclərini 15 faizdən çox azaltmağı planlaşdırır.
Hökumətin təsdiqlədiyi dövlət büdcəsi layihəsində ölkənin Silahlı Qüvvələrinə 563 milyard dram (1.47 milyard dollar) ayrılması nəzərdə tutulur. Bu isə builki 665 milyard dramla müqayisədə ciddi azalma sayılır.
AzadlıqRadiosunun erməni xidməti bu azalmanın Azərbaycanın hərbi gücünü artırması fonunda təklif edildiyini, müxalifətin tənqidinə tuş gələ biləcəyini yazır.
Ümumi dövlət xərcləri isə 2026-cı ildə 5 faiz artaraq 3.6 trilyon drama (9.5 milyard dollar) çatacağı gözlənilir.
2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistan müdafiə xərcləri ardıcıl yüksəldib, müharibədə tükənmiş silah ehtiyatlarını bərpa etməyə çalışıb.
Paşinyanın və müxalifətin mövqeyi
Baş nazir Nikol Paşinyan bu tendensiyanı dəyişmək niyyətini ilk dəfə avqustda bildirib. Avqustun 8-də o, Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. ABŞ-də sülh sazişinin mətni paraflanıb. Paşinyan o görüşdən sonra dəfələrlə bildirib ki, bu razılaşma Ermənistan-Azərbaycan münaqişəsinə son qoyub.
Ölkə müxalifəti isə iddia edir ki, sülh sazişi imzalansa belə, bu, Azərbaycanın Ermənistana qarşı yeni hərbi hücumlarının qarşısını almayacaq. Onlar Əliyevin sülh müqaviləsinin imzalanması üçün ilkin şərtlərindən əl çəkmədiyini deyirlər.
Rəsmi Bakı Yerevanla sülh sazişinin imzalanmasından ötrü Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddiasının götürülməsini vacib sayır.
Məcburi hərbi xidmət müddətini də azaltmaq təklif olunur
Digər tərəfdən, Ermənistan Müdafiə Nazirliyinin hazırladığı qanun layihəsində məcburi hərbi xidmət müddətinin iki ildən 18 aya endirilməsi nəzərdə tutulub. Tənqidçilər bunu milli müdafiəyə daha bir zərbə sayır, ordunun sayını azalda biləcəyini deyirlər.
Paşinyan sentyabrın 15-də deyib ki, ordu ölkənin təhlükəsizliyini təmin edən ən son vasitə olmalıdır və yenə də Vaşinqtonda əldə edilən razılaşmalara istinad edib.
Ermənistan müxalifətinin liderlərinin fikrincə, həmin razılaşmalar Yerevanın birtərəfli güzəştlərinə əsaslanır, real sülh gətirməyəcək, əksinə, Bakı daha çox tələb irəli sürəcək. Onlar deyirlər ki, Paşinyan ordu qurmaq, Rusiya ilə münasibətləri bərpa etmək və İranla hərbi əməkdaşlıq qurmaq əvəzinə, Ermənistanın mövcudluğunu Azərbaycan və Türkiyənin insafına buraxır.
Azərbaycanda isə gələn il müdafiə və milli təhlükəsizlik sahələrinə 8 milyard 714.8 milyon manat (5.12 milyard dollar) ayrılması proqnozlaşdırılır. Müdafiə və milli təhlükəsizlik üzrə xərclər 2025-ci illə müqayisədə 318.5 milyon manat, yaxud 3.8 faiz çox olacaq. Bu il bu xərclər 6 milyard 421 milyon proqnozlaşdırılmışdı.