SOCAR-ın keçmiş məsul şəxsinin həbs olunduğu bildirilir

Adnan Əhmədzadə

İşadamı Adnan Əhmədzadənin həbs xəbəri yayılıb.

Ölkənin hökuməyönlü media qurumları bildirirlər ki, sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnvestisiya Departamentinin sabiq rəhbər müavini A.Əhmədzadə barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

İddialara görə, işadamı iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunub.

Hələlik, məlumatın özünü sözügedən məhkəmə və başqa rəsmi qurumlardan təsdiqlətmək mümkün olmayıb.

Ayrı-ayrı media orqanlarında yer alan məlumatlarda habelə iddia edilir ki, A.Əhmədzadə "Azeri Light" markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur.

Həbs xəbərinə, habelə bu iddialara A.Əhmədzadə və onun vəkillərindən münasibət almaq mümkün olmayıb.

Bu ilin iyulunda Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlandığı bildirilirdi. O zaman xam neftin ixrac olunduğu Bakı-Tbilisi-Ceyhan kəmərində hərəkətin dayandırıldığı iddia olunsa da, kəmərin operatoru BP bunu təkzib etmişdi.

Adnan Əhmədzadə kimdir?

A.Əhmədzadə 1978-ci ildə Bakıda doğulub. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetinin magistr pilləsini bitirib. O, 1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr (sonradan Marketinq və İqtisadi Əməliyyatlar) İdarəsində çalışıb. 2005–2006-cı illərdə "Azertrans" MMC-nin baş direktoru olub.

2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif rəhbər vəzifələrdə işləyib.