Dünya xəbərləri
Aİ İsrail və Livanı 'dözülməz' vəziyyətə son qoymaq üçün atəşkəs imzalamağa çağırır
Sentyabrın 26-da Avropa İttifaqı (Aİ) İsraili və İranın dəstəklədiyi, ABŞ-nin terrorçu təşkilat saydığı "Hizbullah" qruplaşmasını "diplomatiyaya yer ayırmaqdan ötrü" dərhal 21 günlük atəşkəs elan etməyə çağırıb. Livan-İsrail sərhədində intensiv hava zərbələri quru işğalı sarıdan qorxuları gücləndirib.
"2023-cü il oktyabrın 8-dən bəri Livanla İsrail arasında vəziyyət dözülməzdir, daha geniş regional eskalasiya kimi qəbuledilməz risk yaradır", – 27 üzvdən ibarət blok sentyabrın 26-da bəyanatda bildirib.
"Bu heç kəsin, nə İsrail, nə də Livan xalqının marağındadır. Sərhədin hər iki tərəfində yaşayan dinc sakinlərin evlərinə təhlükəsiz qayıtmasından ötrü diplomatik həllin vaxtı çatıb", – bəyanatda vurğulanır.
Sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ, Fransa və bir neçə başqa müttəfiq 21 günlük atəşkəsə dəstək yığmaqdan ötrü diplomatik dəhlizlərdə işləyiblər. İsrailin İranın dəstəklədiyi, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşması ilə savaşdığı Qəzza zolağında da döyüşlərə fasilə verilməsi istənilir.
Atəşkəs planı
Diplomatlar deyirlər ki, atəşkəs İsrail və Livan arasındakı "Mavi xətt" adlı demarkasiya xəttində tətbiq ediləcək, tərəflərə imkan verəcək ki, münaqişənin potensial diplomatik həlli üçün danışıqlar aparsınlar.
"Bütün tərəfləri, o cümlədən İsrail və Livan hökumətlərini dərhal müvəqqəti atəşkəs elan etməyə... diplomatik həllə real şans verməyə çağırırıq", – Aİ bildirib.
"Bunun ardınca bu müddət ərzində Livanla İsrail arasında razılaşma əldə etmək üçün bütün diplomatik səylərə tam dəstək verməyə..., bu münaqişəyə birdəfəlik son qoymağa hazırıq", – bəyanatda daha sonra vurğulanır.
Ancaq diplomatik səylərə rəğmən, İsrail ötən gecə Bekaa vadisində "Hizbullah"ın 75 hədəfini vurduğunu bildirib. İsrail deyir ki, şimal sərhədinin təhlükəsizliyini, on minlərlə sakinin evinə qayıtmasını təmin etməyə çalışır. Həmin sakinlər "Hizbullah" ilə İsrail arasında davamlı raket atəşi nəticəsində evlərini tərk etməli olublar.
"Reuters" Livanın Yunin şəhərinin merinə istinadla yazır ki, zərbələrdən biri azı 23 suriyalının həyatına son qoyub, onların çoxu qadınlar və uşaqlar olub. Zərbə üçmərtəbəli binanı hədəfə alıbmış.
Bütün xəbərləri izləyin
Narkotikdə günahlandırılan britaniyalı qadın Gürcüstanda məhkəmə zalından azad edilib
Narkotik cinayətində ittiham olunan 19 yaşlı Böyük Britaniya vətəndaşı Bella Mey Kalli prosessual razılaşma bağladıqdan sonra Tbilisi şəhər Məhkəməsinin zalından azadlığa buraxılıb. O, hamiləliyin səkkizinci ayındadır.
B.M.Kalli günahını tam etiraf edib. Məhkəmə onu təqsirli bilərək 5 ay 24 gün azadlıqdan məhrumetmə və 500 min lari cərimə ilə cəzalandırıb. Bu müddət artıq çəkilmiş hesab edilib, Bella Mey həmin dönəm Rustavidəki 5 saylı qadın həbsxanasında olub.
Ailəsi razılaşmada nəzərdə tutulan 140 min funt sterlinqi öncədən ödəyib. Onun daha iki il həbsdə qalacağı gözlənsə də, məhkəmə gözlənilmədən onu azad edib. Bellanın anası Layan Kennedi bu barədə iclas başlamazdan bir neçə dəqiqə öncə xəbər tutub.
"Exo Kavkaza" yazır ki, məhkəmə prosesi Böyük Britaniya və beynəlxalq KİV-in diqqət mərkəzində olub.
Kalli mayda Tailanddan Tbilisiyə Şarca (BƏƏ) aeroportu vasitəsilə gələndə saxlanılıb. Gürcüstan rəsmiləri onun baqajında 12 kiloqram marixuana və 2 kiloqram həşiş aşkar ediblər. Onu 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyirdi.
Britaniyalı qadın bildirib ki, onu bu cinayəti törətməyə təzyiq və işgəncə altında məcbur ediblər.
Ermənistanla Fransa iki ilə 274 milyon avroluq silah kontraktı imzalayıb
2023-2024-cü illərdə Ermənistan Fransa ilə 274 milyon avrodan çox dəyərində silah təchizatı kontraktları bağlayıb. Fransanın Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bu haqda məlumat yer alıb. Sənədə görə, bu addım müdafiə sahəsində əməkdaşlığın diversifikasiyası çərçivəsində atılıb.
Hesabatda deyilir ki, "2023-cü ildə Yerevanda Fransa müdafiə missiyasının yaradılması Ermənistan tərəfi ilə əməkdaşlığı gücləndirmək və optimal variantlar tapmaq üçün ən yaxın əlaqələri qurmağa imkan verəcək".
Sənədə əsasən, 2022-ci ilədək Fransa Ermənistana, demək olar ki, silah tədarük etməyib. 2023–2024-cü illərdə isə quru qoşunları üçün çoxsaylı silah müqavilələri bağlanıb, Ermənistan hərbi sənayesi sahəsində müxtəlif layihələr müzakirə olunur. Ermənistan-Fransa müdafiə tərəfdaşlığı dağlıq ərazilərdə döyüş qabiliyyətinin artırılmasını əhatələyir; Vazgen Sarkisyan və Sen-Sir hərbi akademiyaları bu sahədə əməkdaşlıq edir.
Hesabatda qeyd olunur ki, Fransa Ermənistana "Caesar" haubitsaları tədarük edir. Bu barədə 2024-cü ildə məlumat yayılmışdı. Sənəddə həmçinin Fransanın Ermənistana 15 ədəd tank əleyhinə raket və raket kompleksləri satdığı vurğulanır.
Türkiyə daha çox qeyri-Rusiya nefti almağa başlayıb
Qərbin Rusiyaya son sanksiyalarından sonra Türkiyənin neft emalı zavodları daha çox qeyri-Rusiya mənşəli neft almağa başlayıblar. Bu haqda "Reuters" mənbələrə istinadla yazıb.
Çin və Hindistanla yanaşı, Türkiyə də Rusiya xam neftinin əsas alıcılarından biridir. Görünür, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları Türkiyənin neft emalı zavodlarına təsirini göstərir.
Ölkənin ən böyük neft emalı zavodlarından biri olan "SOCAR Turkey Aegean Refinery" (STAR) Azərbaycanın SOCAR şirkətinə məxsusdur. Mənbələrə görə, zavod dekabr üçün İraq, Qazaxıstan və digər qeyri-Rusiya istehsalçılarından dörd partiya xam neft alıb.
"Reuters"in hesablamalarına görə, bu, partiyaların ölçüsündən asılı olaraq günə 77 min – 129 min barel qeyri-Rusiya mənşəli neft deməkdir, yəni SOCAR daha az Rusiya nefti emal edəcək.
"Kpler" məlumatlarına əsasən, STAR zavodu sentyabr və oktyabrda günə təxminən 210 min barel tamamilə Rusiya nefti emal edib.
Mənbələrdən ikisinin dediyinə görə, bu dörd partiyadan biri Qazaxıstanın KEBCO növüdür. Bu isə keyfiyyətcə Rusiyanın "Urals" markası ilə eynidir. STAR zavodu bu il yalnız bir dəfə Qazaxıstan nefti idxal edib və 2024-cü ildə, ümumiyyətlə, idxal etməyib.
Türkiyənin digər böyük emalı şirkəti "Tupras" (TUPRS.IS) isə, mənbələrin sözlərinə görə, Rusiya "Urals" markasına oxşar keyfiyyətdə olan İraq növləri kimi qeyri-Rusiya mənşəli neft alışlarını artırır.
Mənbələr bildiriblər ki, Türkiyədə iki əsas zavodu olan "Tupras" yaxın zamanda bu zavodlardan birində Rusiya nefti idxalını tamamilə dayandıra bilər. Səbəb Avropaya yanacaq ixracını davam etdirmək istəyidir. Zavod Avropa İttifaqının qüvvəyə minməkdə olan sanksiyalarına zidd getmək istəmir. Şirkət digər zavodda isə Rusiya neftini emal etməyə davam edəcək.
SOCAR şərh verməyib. "Tupras" isə "Reuters"in şərh sorğusuna cavab verməyib.
Əfqanıstanda zəlzələdə azı 20 nəfər həlak olub
Noyabrın 3-də səhər saatlarında Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri yaxınlığında 6.3 bal gücündə zəlzələdə azı 20 nəfər həlak olub. Ekspertlər qurbanlarının sayının "ciddi şəkildə" artacağını deyirlər. Cəmi iki ay öncə ölkənin şərqində böyük itkilərə səbəb olan zəlzələ baş vermişdi.
ABŞ Geoloji Xidməti bildirib ki, onların modelləri qurbanların sayının böyük olacağını, fəlakətin geniş ərazilərə yayıla biləcəyini göstərir. Məzari-Şərifdə təxminən 523 min nəfərin yaşadığı bildirilir.
Səhiyyə rəsmiləri azı 20 nəfərin öldüyünü, təxminən 200 nəfərin yaralandığını bildiriblər. "Taliban" hakimiyyəti zəlzələnin qurbanları və dəyən ziyan barədə əlavə məlumat veriləcəyini açıqlayıb.
Ən çox Balx və Səmənqan vilayətlərinə ziyan dəydiyi bildirilib.
Noyabrın 1-də Hinduquş bölgəsində 4.9 bal gücündə zəlzələ olmuşdu. Onun qurbanları, ziyanın miqyası hələ də dəqiqləşdirilməyib.
Avqustda isə zəlzələ 2 mindən çox insanın ölümünə səbəb olub. O zaman hökumət zəngin ölkələrdən yardım istəmişdi. "Taliban" silahlı qruplaşması 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Bundan sonra ölkəyə beynəlxalq yardımların göndərilməsində də pozuntular yaranıb.
Europol: Hərbi cinayətlərdə şübhəli bilinən 'Vaqner' və 'Redut' üzvləri müəyyən edilib
Europol Ukraynada müharibə cinayətlərində şübhəli bilinən, Rusiyanın “Vaqner” və “Redut” özəl hərbi şirkətlərinin 654 üzvünün şəxsiyyətinin müəyyənləşdirildiyini bildirir.
Şübhəlilər arasında Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina vətəndaşlarının olduğu bildirilir. Onların müharibə əsirlərinin və mülki şəxslərin edamı, habelə cinsi zorakılıq kimi müharibə cinayətlərində iştirak etdikləri ehtimal olunur.
Oktyabrın 31-də Europol Moldova və Ukraynaya həmin şübhəlilərlə bağlı istintaqda kömək etdiyini açıqlayıb. Əsas diqqət Ukraynadakı təcavüzkar müharibədə törədilmiş müharibə cinayətlərində iştirak edən şəxslərə yönəlib.
Europol bildirir ki, oktyabrın 29-da Moldova və Ukraynada 70 evdə axtarış aparılıb; atıcı və soyuq silahlar, sursat, geyim formaları, “Vaqner” qrupunun nişanları olan emblemlər və elektron avadanlıqlar götürülüb. Europol Ukrayna və Moldovanın bəzi vətəndaşlarının Ukrayna və Konqo Demokratik Respublikasında döyüşlərdə iştirakını sübut edən video və foto materiallar toplandığını da bildirir.
Moldova və Ukrayna prokurorları reydlərin keçirildiyini mətbuat açıqlamalarında təsdiqləyiblər.
Europol-un iddia olunan hərbi cinayətlərdə şübhəli saydığı 654 nəfərdən neçəsinin həbs olunduğu və ya harada olduqları bəlli deyil.
Ukrayna hakimiyyəti istintaqın gedişində Europol-un təhlükəsiz kanalları vasitəsilə 280 xarici vətəndaşın adlarını müvafiq ölkələrlə bölüşüb. Onlar döyüş əməliyyatlarında iştirakda şübhəli bilinirlər. Bu günə qədər 11 Ukrayna vətəndaşı “Vaqner” və “Redut” birləşmələrinə qoşulduqlarına görə dövlətə xəyanət ittihamı ilə məhkəməyə verilib.
AzadlıqRadiosu Azərbaycanda müvafiq rəsmi orqanlardan məsələyə münasibət almağa çalışır.
Rusiya 2022-ci ilin fevralından Ukraynada təcavüzkar müharibəyə başlayıb. Muzdluları Suriya, Livan və Ukrayna da daxil olmaqla müxtəlif ölkələrə göndərilən "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin 2023-cü ildə qiyamdan iki ay sonra təyyarə qəzasında həlak olub. Təhlilçilər "Redut"un "Vaqner"in potensial əvəzedicisi kimi yaradıldığını bildirirlər. AzadlıqRadiosunun iki il öncə apardığı araşdırma Redut muzdlular şəbəkəsini Rusiyanın GRU hərbi kəşfiyyat agentliyinin dəstəklədiyini üzə çıxarıb.
Tramp ABŞ-yə illik qaçqın qəbuluna limit qoydu: 7 min 500 nəfər
Tramp administrasiyası ölkəyə ildə 7 min 500 qaçqın qəbul ediləcəyini, onların çoxunun ağdərili Cənubi Afrika vətəndaşları olacağını açıqlayıb.
Oktyabrın 30-da Federal Reyestrdə bu haqda bildiriş dərc olunub. Rəqəmlərlə bağlı heç bir səbəb göstərilməyib. Sənəddə 2026-cı maliyyə ili üçün 7 min 500 qaçqının qəbulu humanitar narahatlıqlarla əsaslandırılır və ya milli maraqlara uyğun olduğu bildirilir.
İndiyədək ölkənin qaçqın proqramına hər iki partiya dəstək verib. Ancaq prezident Donald Tramp vəzifəsinə başlayan gün proqramı dayandırıb, o vaxtdan ölkəyə çox az sayda qaçqın qəbul olunub, onların da çoxu ağdərili cənubi afrikalılardır. Bəzi qaçqınlar proqram dayandırılanda artıq ABŞ-yə getmək prosesində olduqlarından məhkəmə qərarı ilə qəbul ediliblər.
Administrasiya fevralda afrikanerlər (Holland, alman və fransız kolonistlərin Cənubi Afrikada törəmələrindən ibarət xalq) üçün xüsusi proqram elan edib. O zaman bildirilib ki, ağdərili cənubi afrikalı fermerlər öz ölkələrində ayrıseçkilik və zorakılıqla üzləşirlər. Cənubi Afrika Respublikası hökuməti bu iddiaları qətiyyətlə təkzib edir.
"Reuters" xəbər verir ki, sentyabrın əvvəlinədək ABŞ-yə cəmi 138 cənubi afrikalı gedib.
İndiyədək ABŞ dünyanın müxtəlif yerlərindən müharibə və təqiblərdən qaçan yüz minlərlə insana sığınacaq verib.
Demokrat prezident Co Bayden administrasiyası dövründə qaçqın qəbulu üçün illik limit 125 min idi. 2024-cü ildə Birləşmiş Ştatlara 100 min qaçqın gəlib.
Rio-de-Janeyroda polis reydlərində 120-dən çox insan həlak olub
Rio-de-Janeyroda genişmiqyaslı polis əməliyyatı zamanı azı 120 nəfər həlak olub. "Reuters" əməliyyatın Braziliya tarixində ən qanlı polis reydi olduğunu yazıb.
Ştat polisi bildirib ki, "Qırmızı komanda" adlı mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat iki aydan çox diqqətlə planlaşdırılıb. Məqsəd şübhəliləri təpənin meşəlik yamacına sıxışdırmaq olub, orada onları xüsusi təyinatlı qüvvələrin pusqusu gözləyirmiş.
Penya rayonunun sakinləri gecə yaxınlıqdakı meşədən 70-dən çox meyit toplayıb, əsas küçənin ortasında sıra ilə düzüblər.
Rio-de-Janeyro ştatının qubernatoru Klaudio Kastronun sözlərinə görə, polislə atışan və meşədə gizlənən cinayətkarlar öldürülüb.
Polis məlumatına əsasən, "Qırmızı komanda" Rio-de-Janeyronun bir neçə rayonunda narkotik ticarətinə nəzarət edir. Əməliyyat nəticəsində 113 şübhəli saxlanılıb, 118 ədəd odlu silah müsadirə edilib.
BMT-nin İnsan Hüquqları Bürosu əməliyyatı çoxsaylı insan tələfatına görə tənqid edib. Braziliya ədliyyə naziri bildirib ki, prezident Luis İnasiu Lula da Silva polisin federal hökuməti xəbərdar və cəlb etmədən "son dərəcə qanlı və qəddar" əməliyyata başlamasından təəccüblənib.
ABŞ-də iranlı müxalif fəalı öldürmək planına görə Azərbaycan əsilli iki şəxsə 25 il həbs kəsilib
Oktyabrın 29-da Nyu-Yorkda məhkəmə İran əsilli amerikalı dissident Məsih Əlinejada qarşı beynəlxalq qətl planında iştirakda təqsirli bilinən iki rusiyalıya 25 il azadlıqdan məhrumetmə cəzası kəsib.
Bu ilin martında Manhetten federal məhkəməsi 46 yaşlı Rafət Əmirov və 41 yaşlı Polad Ömərovu qətlə cəhd, sifarişlə qətl, çirkli pulların yuyulması daxil beş ittiham üzrə təqsirli bilib. Onlar 2022-ci ildə Tehran rejimini və onun qadınlara münasibətini tənqid edən Əlinejadı öldürmək planında iştiraka görə mühakimə olunublar.
Məhkəmədə çıxışında Əlinejad deyib ki, Əmirov və Ömərov onun həyatını alt-üst etsələr də, onu sındıra bilməyiblər: "Okeanı keçərək Amerikaya normal həyat yaşamağa gəldim, amma həyatım normal keçmir".
Prokurorlar müttəhimlərə 55 il tələb etmiş, müdafiə tərəfi isə 10-13 il tövsiyə etmişdi.
Əmirov və Ömərovun vəkilləri onların Tehranla əlaqələrini, qətl planında rollarını kiçiltməyə çalışırdılar.
Prokurorların versiyasına görə, İranın elit SEPAH qüvvələri Əmirov və Ömərova planın icrası üçün 500 min dollar ödəyib.
İran isə Əlinejadı öldürmək planları haqda deyilənləri "əsassız" adlandırıb.
Əlinejad İrandan 2009-cu ildə qaçıb.
Əmirov və Ömərovla birlikdə mühakimə olunan Xalid Mehdiyev qətl cəhdi və qanunsuz silah saxlama ittihamlarını qəbul edib, Əmirov və Ömərova qarşı ifadə verib. Ona, hələlik, hökm çıxarılmayıb.
Rezervistlərin dinc dövrdə orduya cəlbi qanunu Dumadan keçib
Rusiya Dövlət Duması ehtiyatda olan hərbçilərin dinc dövrdə də orduya cəlbinə icazə verən qanunu ardıcıl üç oxunuşda qəbul edib.
Müdafiə Nazirliyinin hazırladığı qanun layihəsində "Müdafiə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif olunurdu.
Sənədə görə, ehtiyatda olan hərbçilərin dinc dövrdə də həyati vacib obyektlərin və digər mühüm infrastrukturun müdafiəsinə cəlb olunması planlaşdırılır. Söhbət müddətli hərbi xidməti başa vurduqdan sonra ehtiyatda qalmağa könüllü razılıq vermiş şəxslərdən gedir. Rezervistləri prezident fərmanı ilə iki aylıq toplanışlara göndərəcəklər.
Qanun layihəsini hökumət bir neçə gün öncə hazırlayıb, oktyabrın 24-də Dövlət Dumasına təqdim edilib.
İndiyədək ehtiyatda olan hərbçilər yalnız səfərbərlik və ya hərbi vəziyyət zamanı xidmətə çağırıla bilərdilər. Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan Rusiya rəsmi olaraq nə hərbi vəziyyət, nə də ümumi səfərbərlik elan edib. 2022-ci ilin payızında "qismən səfərbərlik" həyata keçirilib, ordunun əsas hissəsi isə "könüllülər" hesabına formalaşdırılıb.
"Vətəndaş və ordu" hüquq müdafiə qrupunun direktoru Sergey Krivenko "Current Time"a deyib ki, söhbət Müdafiə Nazirliyi ilə ehtiyatda olma barədə müqavilə imzalayan şəxslərdən gedir: "Amma bu kontrakt onların üzərinə müharibəyə getmək öhdəliyi qoymur. Müharibədən öncəki şərtlərə görə, rezervist yalnız döyüş hazırlığını təkmilləşdirmək, vaxtaşırı toplanışlara getmək öhdəliyini götürürdü. Bunun qarşılığında Müdafiə Nazirliyindən az miqdarda pul alırdı".
Rusiyaya dron hücumları. 10-dan çox aeroport bağlanıb
Oktyabrın 29-na keçən gecə Rusiyada ən azı üç zavoda dron hücumları olub, 10-dan çox aeroportda təyyarələrin qəbulu və uçuşunu dayandırıb.
Stavropol diyarının Budyonnovsk şəhərində dronlar sənaye zonasına hücum edib. Məlumatı qubernator Vladimir Vladimirov yayıb. "Astra" Telegram kanalı "LUKoil" şirkətinə məxsus "Stavrolen" neft-kimya zavodunun hədəf alındığını dəqiqləşdirib. Bu müəssisə Rusiyanın aparıcı polietilen və polipropilen istehsalçılarından biridir.
"Exilenova+", "Astra" və "Shot" Telegram kanalları yazır ki, Ulyanovsk vilayətində və Mari-El Respublikasında da neft emalı zavodları da hücuma məruz qalıb. Ulyanovsk vilayətində Novospasskoye kəndində yerləşən yanacaq bazası hədəf götürülüb.
"Astra"nın məlumatına görə, Mari-El Respublikasında dronlar Orşanka qəsəbəsində müəssisəni vurub.
"Rosaviasiya" ötən gecə Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Kazan, Krasnodar və digər şəhərlərdəki hava limanları, həmçinin Moskvanın "Şeremetyevo" və "Jukovski" aeroportlarının müvəqqəti bağlandığını bildirir.
Moskva istiqamətinə uçan bir neçə dronu isə hava hücumundan müdafiə qüvvələri vurub. Bunu Moskvanın meri Sergey Sobyanin bildirib.
Ukraynanın ilhaq olunmuş Krım vilayətində, Simferopolda dron hücumu nəticəsində yanğın baş verib.
"Yanacaq-sürtgü materialları olan çənə zərbə dəyib. Nəticədə yanğın baş verib. Xəsarət alan yoxdur", – Krıma başçı təyin olunmuş Sergey Aksyonov Telegram kanalında yazıb.
Rusiya hakimiyyəti oktyabrın 29-na keçən gecə bir sıra vilayətin üzərində ümumilikdə 100 PUA-nın vurulduğunu bildirir. Bryansk vilayətində 46 dron məhv edilib. Moskva regionunda isə altı dron vurulub, onlardan dördü paytaxta doğru gedirmiş.
'Gürcü Arzusu' üç böyük müxalifət partiyasının qadağan olunmasını tələb edir
Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası Konstitusiya Məhkəməsinə şikayət verib, üç əsas müxalifət partiyasının konstitusiyaya zidd elan olunmasını tələb edir. Bunlar "Vahid Milli Hərəkat", "Dəyişikliklər Uğrunda Koalisiya" və "Güclü Gürcüstan – Lelo" partiyalarıdır. "Exo Kavkaza" bu haqda Gürcüstan parlamentinin spikeri Şalva Papuaşviliyə istinadla yazır.
"Vahid Milli Hərəkat" partiyasını keçmiş prezident Mixeil Saakaşvili, "Dəyişikliklər Uğrunda Koalisiya"nı onun keçmiş komanda üzvləri Nika Qvaramiya və Nika Meliya, "Güclü Gürcüstan – Lelo"nu isə iş adamları Mamuka Xazaradze və Badri Caparidze yaradıblar.
MSK 2024-cü il parlament seçkilərində dörd partiyanın seçki baryerini keçdiyini bildirir. Amma onlardan üçü nəticələrin saxtalaşdırıldığını iddia edərək parlamentin işini boykot edir. "Gürcü Arzusu" Konstitusiya Məhkəməsinə yalnız "Qaxariya – Gürcüstan Uğrunda" partiyası ilə bağlı şikayət verməyib. Bu partiya oktyabrın 28-də parlamentdə işə başlayıb.
Papuaşvilinin sözlərinə görə, mövcud sübutlar bu siyasi partiyaların hökumətin və hakim partiyanın legitimliyini rədd etdiyini göstərir, bu da onların konstitusion olmasına şübhə yaradır. Spiker digər siyasi partiyaların qadağan olunmasına, hələlik, ehtiyac olmadığını bildirib.
Gürcüstan müxalifəti ötənilki parlament seçkilərində "Gürcü Arzusu"nun qələbəsini qəbul etməyib. Ötən il noyabrın 28-dən parlament binası qarşısında etiraz aksiyaları gedir. O zaman hökumət Avropaya inteqrasiyanın 2028-ci ilədək dayandırılmasını elan etmişdi. Etirazçılar növbədənkənar seçkilərin keçirilməsini, saxlanmış bütün nümayişçilərin buraxılmasını tələb edirlər.
Tatarıstanda hərbi xidmətdən yayınan şəxs tutulub. Onu konvoydan qaçırmışdılar
Tatarıstanın Naberejnıye Çelnı şəhərində hərbi xidmətdən yayınma ittihamı ilə axtarılan şəxs oktyabrın 25-də tutulub. Bundan öncə onu Kazanda konvoy avtomobilinə hücum edən naməlum şəxslər qaçırmışdı.
"Veçernaya Kazan" və "Kommersant" qaçan şəxsin tutulduğunu yazıb. Onun Kazan şəhərindəki hərbi komendantlığa qaytarıldığı bildirilir. "Kommersant"ın yazdığına görə, onun qaçmasına kömək edənlər də saxlanılıb. Amma bu haqda rəsmi informasiya verilməyib.
Konvoy avtomobilinə hücum oktyabrın 24-də axşam Kazanın Qvardeyskaya küçəsində baş verib. "Kommersant"ın məlumatına görə, iki nəfər nömrəsiz qara avtomobillə svetoforda konvoya yaxınlaşıb, arxa qapını açıb, sözügedən şəxsi çıxararaq qaçıblar. "Baza" hücum edənlərin konvoy işçilərini döydüyünü bildirir. "Idel.Realii" Kazanda "Perexvat" planının işə salındığını, amma qaçan şəxsin dərhal tutulmadığını yazıb.
"Ostorojno, Novosti" saytının bilgisinə görə, qaçan tatarıstanlı daha əvvəl də hərbi hissədən qaçdığı üçün saxlanıb. "Mediazona" isə qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin "Zvezda" televiziya kanalı qaçan şəxsin kimliyini açıqlayıb. O, 32 yaşlı Fadis Qaripovdur, hərbi komendantlıq onu Naberejnıye Çelnıdan Kazana aparırmış. Bu adda şəxs avqustda Tatarıstanda Ukraynaya qarşı müharibəyə qatıldığı üçün medalla təltif edilib. "Ostorojno, Novosti" mənbəsi bildirir ki, söhbət "İgidliyə görə" medalından gedir. Qaçan və yenidən həbs edilən şəxsin kimliyi rəsmi təsdiqlənməyib.
PKK Türkiyədən qüvvələrini çıxardığını elan edib
Türkiyə, ABŞ və Avropa İttifaqının (Aİ) terror təşkilatı kimi tanıdığı Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyə ərazisindən qüvvələrini çıxardığını bəyan edib. Bu, qruplaşmanın silahları təhvil verməsi prosesi çərçivəsində gerçəkləşdirilir. Xəbəri "Reuters" yayıb.
PKK bildirir ki, "azad, demokratik və qardaşcasına" həyatın əsaslarını qoymaq məqsədilə bütün qüvvələrini geri çəkmək qərarı verib. Partiya bəyanatında onu da vurğulayır ki, Ankara kürdlərin inteqrasiyasına dair qanunlar qəbul etməlidir.
Bu silahlı qruplaşma mayda, ömürlük həbs cəzası çəkən lideri Abdullah Öcalanın Türkiyə dövlətinə qarşı silahlı mübarizəni dayandırmaq, silahları yerə qoymaqla bağlı çağırışından sonra özünü buraxdığını elan edib. Yay aylarında Türkiyə, İraq və Suriyadakı kürd qüvvələri silahlarını təhvil verməyə başlayıblar.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi bildirib ki, PKK-nın qüvvələrini çıxarmaq qərarı Ankaranın məqsədinə çatmasının göstəricisidir.
Son illərdə Türkiyənin cənub-şərq sərhədlərindən sıxışdırılıb çıxarılan PKK qüvvələri İraqın şimalına yerləşib. Türkiyə ordusu bu ərazidə kürd bazalarına daimi zərbələr endirir, bir neçə hərbi dayaq məntəqəsi yaradıb. Ankara kürdlərin hüquqlarının qorunduğunu, amma separatçılığa yol verməyəcəyini bildirir.
A.Öcalan 1974-cü ildə solyönlü hərəkat yaradıb, 1978-ci ildə onu Kürdüstan Fəhlə Partiyası adı ilə rəsmiləşdirib. 1979-cu ildə Öcalan Suriyaya keçərək orada silahlı dəstələr formalaşdırıb. 1984-cü ildən partiya Türkiyəyə qarşı silahlı mübarizəyə başlayıb.
1999-cu ildə Ankaranın Dəməşqə təzyiqindən sonra Öcalan Suriyanı tərk etdi. O, Keniyada tutulub Türkiyəyə təhvil verilib. Əvvəlcə ölüm cəzasına məhkum olunub, sonradan bu hökm ömürlük həbslə əvəz edilib. O vaxtdan Öcalan Mərmərə dənizindəki İmralı adasında saxlanılır.
PKK-nın ilkin tələbi müstəqil Kürdüstanın yaradılması idi. Sonradan tələblərini yumşaldıb, Türkiyənin cənub-şərqində kürdlərin hüquqlarının genişləndirilməsini, muxtariyyət verilməsini tələb edib.
Türkiyə ilə PKK arasında bir neçə dəfə barışığa cəhd olub. 2013-2015-ci illərdə atəşkəs qüvvədə olub, Suriya kürdlərinin PKK-ya bağlı silahlı dəstələrinin Suriyanın şimal-şərqində nəzarəti gücləndirməsindən sonra pozulub.
Putinin xüsusi elçisi ABŞ-yə danışıq aparmağa gedib
Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyev ABŞ-də səfərdədir. O, bu il Rusiya ilə ABŞ arasında yüksəksəviyyəli danışıqlarda iştirak etmişdi. Bu haqda oktyabrın 24-də Rusiyanın "RİA Novosti" agentliyi, eləcə də ABŞ-nin CNN və "Axios" media qurumları mənbələrə istinadla məlumat yayıb.
Səfər barədə ictimai açıqlama verilməyib. Dmitriyev Donald Tramp administrasiyasının siyasətini, Rusiya ilə əlaqəsi olmayan məsələlərdə də tez-tez tərifləyir. Onun ABŞ-yə səfəri barədə xəbər ABŞ administrasiyasının Rusiyaya Ukrayna müharibəsi ilə bağlı ilk ciddi sanksiyalarını elan etməsindən iki gün sonra yayılıb. Tramp yanvarda prezident postuna keçəndən ilk dəfədir Rusiyaya sanksiyalar sərtləşdirilir.
CNN mənbələrə istinadla yazır ki, Dmitriyev ABŞ administrasiyasının təmsilçiləri ilə rəsmi danışıqlar aparmağı planlaşdırır. Görüşlərdə ABŞ-Rusiya münasibətləri müzakirə olunacaq. "Axios"un müxbiri Barak Ravid isə adı açıqlanmayan mənbəyə istinadla bildirib ki, şənbə günü – oktyabrın 25-də Putinin elçisi Trampın xüsusi təmsilçisi Stiven Uitkoffla görüşmək niyyətindədir.
Həftənin əvvəlində ABŞ Rusiyanın "Rosneft" və "Lukoil" neft şirkətlərinə sanksiyalar elan edib. Prezident Tramp isə Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Putin daxil Rusiya rəsmiləri bu qərarları tənqid ediblər. Amma onu da deyiblər ki, gələcəkdə görüşün keçirilməsi mümkündür, ABŞ ilə dialoq davam etməlidir.
Sanksiya qərarından əvvəl Dmitriyev sosial şəbəkələrdə Çukotka ilə Alyaskanı Berinq boğazından keçməklə birləşdirəcək tunel tikməyi təklif etmişdi. ABŞ prezidenti D.Tramp bu ideyadan xəbərsiz olduğunu desə də, onu "maraqlı" adlandırıb, amma sonradan bu məsələyə qayıtmayıb.
Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozub
Oktyabrın 23-də Litva Rusiyanın iki təyyarəsinin ölkənin hava məkanına girməsinə etirazını bildirib. Rusiyanın Vilnüsdəki səfirliyinin müvəqqəti işlər vəkilinə güclü etiraz notası təqdim edib.
Elə həmin gün Rusiyanın Kalininqrad anklavından havaya qalxan SU-30 qırıcısı və "İL-78" yanacaqdaşıyan təyyarəsi 18 saniyə ərzində Litvanın hava məkanından keçib. Bunun havada yanacaqdoldurma təlimi zamanı baş verdiyi ehtimal olunur. Məlumatı Litva ordusu yayıb.
Vilnüs Rusiyadan Litva hava məkanının pozulmasının səbəblərini dərhal izah etməyi, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyi tələb edib.
Litva prezidenti Qitanas Nauseda insidenti "beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün açıq şəkildə pozulması" adlandırıb. O, X sosial platformasında yazıb ki, bu hadisə Avropa hava hücumundan müdafiə hazırlığının gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyir.
Rusiya Müdafiə Nazirliyi isə insidentin baş verdiyini inkar edib. "Uçuşlar Rusiya ərazisi üzərində hava məkanından istifadə qaydalarına tam uyğun gerçəkləşdirilib. Təyyarələr marşrutdan yayınmayıb, digər dövlətlərin sərhədlərini pozmayıb", – nazirlik Telegram-da bildirib.
Hadisəyə cavab olaraq Baltik regionunda NATO hava patrul missiyasına daxil iki İspaniya "Eurofighter Typhoon" qırıcısı havaya qaldırılıb.
Estoniya və Latviya Litvaya tam həmrəylik bildiriblər.
NATO üzvü, Ukraynanın qəti tərəfdarları olan bu üç Baltik ölkəsinin ərazisini son aylar Rusiya təyyarələri və ya dronları bir neçə dəfə pozub.
Sentyabrda Rusiyanın üç "MiQ-31" qırıcısı Finlandiya körfəzi üzərindən Estoniyanın hava məkanına girərək təxminən 12 dəqiqə orada qalıb.
Bundan sonra Tallin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini, NATO-nun 4-cü maddəsinin işə salınmasını istəyib. Bu maddə üzvlərdən birinə təhdid yarandıqda məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.